AzMİU-da Milli Dirçəliş Günü qeyd olunub – FOTO
Bu gün Azərbaycan Memarlıq və İnşaat Univeritetində (AzMİU) İnşaat fakültəsinin təşkilatçılığı ilə 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə bayram tədbiri keçirilib. Aktor.Az xəbər verir ki, tədbirdə fakültə dekanları, müəllimlər və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. İnşaat fakültəsinin dekanı, texnika elmləri namizədi Hikmət Məmmədov qonaqları 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatıyla bağlı olan Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildən elan olunub və həmin tarixdən bu günü rəsmən qeyd edirik. Ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli- azadlıq hərəkatında yeni bir mərhələnin başladığını vurğulayan H.Məmmədov ulu öndərin o gərgin illərdə Naxçıvanda gördüyü böyük işlərdən danışıb. “1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarı ilə muxtar respublikanın adından sovet və sosialist sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı. Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı və üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsdiq olundu”.
H.Məmmədovun geniş və əhatəli çıxışından sonra 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub, ulu öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. 1-ci kurs tələbələri müstəqilliyimizə, bayrağa həsr olunmuş şeirlər söyləyib,vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Tədbirdə çıxış edən AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov vurğulayıb ki, 29 il bundan əvvəl, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq ruhunu oyadıb. Azərbaycan dövlətinin müstəqilliyinin böyük tarixi sınaqdan keçdiyini, xalqın uzun illər azadlıq uğrunda apardığı mübarizə nəticəsində müstəqil Azərbaycan dövlətinin yarandığını deyən B.Aslanov gəncləri tariximizin şanlı səhifələrini yaxşı öyrənməyə, müstəqilliyimizin, azadlığımızın qədrini bilməyə və bu yolda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməyə çağırıb.