FotoTəhsilXəbər xətti

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub – FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə noyabrın 20-də Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatı birgə tədbir keçirib. Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.

Tədbirdə çıxış edən AzTU-nun rektoru, YAP rəyasət heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, partiyanın yaranma tarixi barədə danışıb. Hazırda  partiyanın üzvlərinin 40 faizini gənclərin təşkil etdiyini deyən rektor bildirib ki, bu gün ölkədə aparılan siyasətin  başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır. Bunun da ən vacib istiqaməti təhsildir.  Müharibə şəraitində olan ölkənin gənclərində vətənpərvərlik ruhu ilə yanaşı, elm və təhsilin inkişafına da xüsusi diqqət göstərilməlidir.

Vilayət Vəliyev AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb. Aprel döyüşlərində AzTU-nun 4 məzunu – Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olub.

Daha sonra çıxış edən Yasamal rayonu, Hüseyn Cavid 25, ərazi YAP ilk təşkilatının sədri Şikar Qasımov bildirib ki, hazırda partiyanın 750 min üzvü var. O, partiyanın fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib, ölkədə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdırıb. YAP Yasamal rayon təşkilatı Gənсlər Birliyinin sədr müavini Əsmər Nəbiyeva rayonda gənclərlə bağlı aparılan işlərdən danışıb.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib. Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə idi. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub.

Tədbirdə AzTU-nun 26 əməkdaş və tələbəsinin YAP üzvlüyünə qəbulla bağlı müraciətinə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə  partiya vəsiqələri təqdim olunub.

 

 

 

 

Bir cavab yazın