GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

STM Prezidentin fəaliyyəti barədə ictimai rəyi araşdırıb -VİDEO

Sosial Tədqiqatlar Mərkəzi nizamnaməsinə uyğun ardıcıl olaraq müxtəlif  mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir.STM həm də beynəlxalq beyin mərkəzlərinin dünyada geniş yayılmış mövcud ənənələrindən və iş praktikasından, tətbiqlərindən faydalanaraq hakimiyyət institutları ilə bağlı ictimaiyyətin düşüncəsini öyrənir.

 

Məhz bu baxımdan dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gələrək yaradılan STM məqsədinə uyğun olaraq hakimiyyət institutlarına ictimaiyyətin münasibətini vaxtaşırı test edir və  eyni zamanda ölkə rəhbərinin aylıq fəaliyyəti barədə ictimai düşüncənin monitorinqini də aparır.

 

Sosial Tədqiqatlar Mərkəzi  “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib.

 

Hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib.

 

14 “ASAN xidmət” mərkəzində sorğu metodologiyası icra edilib.

 

İctimai rəy sorğusunda ümumilikdə 1316 respondent iştirak edib. Onların seçimi təsadüfi qaydada aparılmaqla yanaşı, xidmət mərkəzlərindən istifadə edən hər ikinci şəxslə olub. Bu metodla həm reprezentativlik təmin edilib, həm də əhalinin bütün sosial-demoqrafik qrupları əhatə edilib və  xəta əmsalı statistik olaraq üç faizə bərabərdir.

 

Sorğunun aparılmasında “üz-üzə” metodu tətbiq edilib və nəticələr “SurveyToGo” proqramında emal edilib. Sahə işi cari ilin 29 oktyabrdan 5 noyabra qədər davam edib. Sorğuların nəticəsi SPSS (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) proqramı vasitəsilə təhlil edilib. Təsvir analizləri ilə yanaşı, dəyişənlər arasında korrelyasiyalar da müəyyənləşdirilib.

 

Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və üç əsas istiqamətdə aparılıb:

 

  • Prezidentin beynəlxalq arenada Ermənistanın işğalçı mövqeyi və Dağlıq Qarabağ problemi barədə çıxışları,
  • Oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və sutruktur islahatları,
  • Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə dəyərləndirilməsi.

 

Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6%-i kişi, 32,4%-i qadındır.

 

Əsas yaş qrupu 26-35, yəni 34,3%-dir. Təhsil səviyyəsinə görə, tam orta təhsillilər üstünlük təşkil edib ki, bu da 45,1%-dir.

 

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin reytinqində yüksəlmə müşahidə olunmuşdur.

 

 

Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab olunur. Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirmişdir. Ümumilikdə, vətəndaşların 77,5%-i ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18.1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirmişlər.

 

 

  • Prezidentin oktyabrın 3-də Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirmiş, dövlətə olan inam və etibarı artırmışdır. Bu, rəyi soruşulanların 85,8%-nin fikridir.

 

76,9% isə hesab edir ki, Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi baxımından təsirli olmuşdur. Ümumiyyətlə, respondentlərin 84.9%-i Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirmişdir.

 

  • Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı rəyi soruşulanların 85%-i tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan Prezidentinin Ermənistanı tutarlı arqumentlərlə faşizmi qəhrəmanlaşdırmaqda ittiham etməsi və qarşı tərəfin mahiyyətsiz cavabı göstərdi ki, Prezident  İlham Əliyev hücum diplomatiyasını uğurla davam etdirir. Rəyi soruşulan hər 5 respondentdən dördünün fikrincə, Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı faşizm ideyalarını dəstəkləyən Ermənistanın ifşası istiqamətində tutarlı addım olmuşdur. 80,1% bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.
  • Prezidentin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin-Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması  respondentlərin 80.9%-nin rəyinə görə çox əhəmiyyətli hesab edilir.
  • Prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Sorğunun nəticələri Prezident tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6%-i Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.
  • Prezidentin oktyabr ayındakı fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soruşulanların 92,7%-i Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4% respondent isə ölkə Prezidentinin xarici siyasi fəaliyyətini uğurlu hesab edir.
  • Oktyabr ayında keçirilən rəy sorğusu göstərdi ki, Prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Belə ki, cari ilin iyun ayında bu dəstək 74% təşkil etdiyi halda, oktyabr ayında 86,5%-ə bərabər olub. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.
  • Respondentlərin cavablarına əsasən demək olar ki, qeyri-neft sektoru ilə bağlı müvafiq hökumət strukturlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Belə ki, bu istiqamətdə bir çox işlər görülsə də, hələ də çatışmazlıqlar, problemlər qalmaqdadır.
  • Ümumilikdə, rəyi soruşulanların 83,7%-i hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldurKadr islahatları zamanı gənclərə üstünlük verilməsi xalqın gözləntilərinə tamamilə uyğundur. Respondentlərin 86,9%-i ölkə Prezidentinin müvafiq yanaşmasını dəstəkləyir. Bu, bir daha onunla əlaqələndirilir ki, Prezident həyata keçirdiyi islahatlar zamanı xalqın rəyini nəzərə alırRespondentlərin 88%-nin bu mövqedən çıxış etməsi xalqla lider arasında etibarlı bağların olmasından xəbər verir.

 

Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

 

Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir.

 

Oktyabr ayında baş verən hadisələri respondentlərın mütləq əksəriyyəti vacib hesab edir. Bu hadisələr arasında ən çox rəğbət doğuranlar Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunda cıxışı və Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasına kəskin etiraz nitqi olmuşdur.

 

Prezidentin ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən daha yüksək qiymətləndirilir. Sorğu iştirakçıları təhlükəsizlik və Silahlı Qüvvələr məsələsinə daim həssaslıq göstərirlər. Lakin sosial-iqtisadi sahədəki fəaliyyətə əhalinin razılıq dərəcəsi bir qədər aşağıdır. Respondentlərin nəzərində oktyabr ayında başlanan islahatların uğurla həyata keçirilməsi nə əsas maneə məmurlar, yerli hakimiyyət orqanları və bəzi dövlət qurumlarının laqeyd yanaşmasıdır. Başqa sözlə, sorğuda iştirak edənlərin müəyyən bir hissəsi bu qənaətdədir ki, islahatların uğurlu icrası üçün dövlət qurumlarının özlərinin fəaliyyətində dəyişiklik olmalıdır. Kadr və struktur islahatları respondentlərin böyük əksəriyyətinin gözləntilərini doğruldub və onların əsas gözləntiləri gənc nəsil üçün yeni perspektivlərin və imkanların yaradılması olub. İqtisadiyyat sahəsində gözləntilər yenə də bir qədər aşağı olub, belə ki, iqtisadiyyatda şəffaflıq tədbirlərinin artması gözləntisi olan respondentlər azlıq təşkil edir. Hökumətdə təmsil olunan yaşlı nəslin daha gənc kadrlarla əvəz olunması da respondentlər tərəfindən müsbət qarşılanıb.

 

Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki  fəaliyyətini yüksək qiymətləndirir,  ona olan etimadın artdığını qeyd edir. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu sayır.

 

Bir cavab yazın