AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib – FOTO
19 noyabr tarixində Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.
Aktor.Az xəbər verir ki, TransCaspian Fiber Optic – Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorlarının Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı iri miqyaslı layihəsidir.
AzerTelecom, Transtelecom və KazTransCom rabitə operatorları arasında 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb. 19 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.
Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 km. təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. TransCaspian Fiber Optic hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.
Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Baş Direktoru Fuad Allahverdiyev layihənin vacibliyini qeyd edib. “TransCaspian Fiber Optic (TCFO) Avropa ilə Asiya arasında Azərbaycan və Qazaxıstan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizi formalaşdıracaq. Magistral kabel Azərbaycan və Qazaxıstanı sualtı kabel xəttinə sahib ölkələr kimi qlobal internet xəritəsinə daxil edəcək və Xəzər hövzəsində yerləşən iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın inkişafı üçün imkanlar yaradacaq. Layihə iki ölkənin İKT sektorunun inkişafı üçün təməl olacaq, Azərbaycan və Qazaxıstanı Avropanın internet mərkəzləri ilə birbaşa əlaqələndirəcək və regionun digər dövlətlərinin internet xidməti ilə təmin edilməsinə imkan verəcək” – deyə Fuad Allahverdiyev qeyd edib.
AzerTelecom – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. TransCaspian Fiber Optic kabel xəttinin tikintisi Azerbaijan Digital Hub proqramı çərçivəsində digər layihələrlə birlikdə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun yaradılmasına xidmət edəcək.