FotoGənclər fonduGündəmManşetSosialTəhsilXəbər xətti

Rayonlarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb – FOTO

Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, Quba və Qusar rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.Bu barədə Azərbaycan Gənclər Fondundan Aktor.Az-a verilən məlumatda deyilir.

Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.

Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba və Qusar rayon nümayəndəliklərinin direktorları dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar. Qeyd olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.

Daha sonra tədbir iştirakçıları üçün Quba və Qusar rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

Qeyd edək ki, Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir müddət öncə Cəlilabad və Masallı rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır.

 

Bir cavab yazın