Serj Sarqsyan aprel döyüşləri ilə bağlı dindiriləcək
“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı araşdırma komissiyasına çağırılacaq”.
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Koçaryan bildirib.
“İlk növbədə, biz sualları hazırlamalıyıq. Bundan sonra Serj Sarqsyanı dəvət edəcəyik. O, komissiyaya işin sonunda dəvət ediləcək”, – deyə Koçaryan vurğulayıb.
Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsndə məğlub vəziyyətə düşüb. Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan parlamenti həmin məğlubiyyətin səbəblərini araşdırmaq məqsədilə araşdırma komissiyası yaradıb. Parlamentin Araşdırma komissiyasının qərarı hüquqi qüvvəyə malik olacaq.
Xatırladaq ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər cəbhə xəttində atəşkəsi intensiv pozublar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.