DiasporDünyaFotoGündəmManşetMediaXəbər xətti

Brüsseldə “Avropada diaspora və media lobbiçiliyi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib – FOTO

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb.

Aktor.Az bildirir ki, layihə çərçivəsində noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatşılığı ilə “Turkse Unie Brüksel” mərkəzində “Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, artıq bir neçə ildir mütamadi olaraq Belçikada ATXƏM-lə birlikdə Azərbaycan həqiqətlərinin təbliği yönündə layihələr həyata keçirir, Xocalı soyqırımının Avropanın siyasi mərkəzlərində tanıdılması üçün vacib işlər görür: “Bu günkü layihəmiz də həmin layihələrin davamıdır və biz çalışırıq ki, Azərbaycan həqiqətlərinin təbliğində Avropadakı media qurumlarının da dəstəyini alaq, onları Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı məlumatlandıraq.

Belçika Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz qeyd edib ki, təmsil etdiyi Birlikdə Belçikada fəaliyyət göstərən 20-ə yaxın media qurumu birləşib:”Üç il əvvəl biz Bakıda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq protokolu da imzaladıq. Biz hər zaman Avropada Azərbaycanın səsi olmuşuq və bunu səylə davam etdirmişik. Ümid edirəm ki, biz bundan sonra da birgə fəaliyyətimizi genişlədib, qarşılıqlı media turlar təşkil etməklə layihələr həyata keçirəcəyik”.

ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, Azərbaycan Respublikasının dəstəyi sayəsində ötən dövrlərdə Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması, mədəni irsimizin xarici ölkələrdə təbliği, soydaşlarımızın hüquq və azadlığının qorunması ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir.”Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi tərəfindən irəli sürülmüş layihələrdən biri olan və bu gün keçirdiyimiz konfrans da məhz Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu tədbiri keçirməkdə də əsas məqsədimiz Avropadakı media qurumları ilə bəzi məsələlərə aydınlıq gətirmək, bu işdə qarşıya çıxan çətinlikləri, maneələri birgə səylərlə aradan qaldırmağın yollarını müzakirə etməkdir.

İlham İsmayılov qeyd edib ki, bu gün dünyada internet və yeni texnologiyalar sürətli informasiya əldə etmək və yaymaq üçün geniş imkanlar yaradıb: “Bu gün sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını və mətbuatı əvəz edir.İstənilən məlumat, rəy, mülahizə qısa müddətdə və çevrəsi genişlənməklə maneəsiz olaraq yayılır. “İnternet” deyilən beynəlxalq elektron rabitə vasitəsi həm ənənəvi KİV yayımlarını, həm də “sosial media” adına iddialı ümumdünya sosial şəbəkələrini informasiya məkanında “qonşuluq”, “ortaqlıq” mövqeyinə çıxarıb”.

ATXƏM sədri bildirib ki, texnoloji inkişaf yalnız daha rahat ünsiyyət üçün deyil, son illər informasiya toxunulmazlığı və məlumat əleyhinə kibertəhlükəsizlik təhdidlərini, eləcə də ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf barədə yanlış informasiya kampaniyaları aparmağı, təhqirləri, təcavüz və zorakılığı da nümayiş etdirmək üçün istifadə edilir: ” Bu layihəni icra etməklə biz müzakirələr vasitəsilə qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətimizi yeni mərhələyə yüksəltmək, bu işdə qarşıya çıxan çətinlikləri, maneələri birgə səylərlə aradan qaldırmaqdır. Əlbəttə, müzakirəyə çıxarılan məsələlər çoxşaxəli və mürəkkəb olmasına baxmayaraq, əminəmki, mövcud potensialımız sayəsində ortaq nəticəyə gələbiləcəyik. İnanıram ki, bu konfrans gələcək birgə fəaliyyətimiz üçün istinad nöqtəsi olacaqdır”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev Azərbaycan həqiqətlərinin Avropada yayılmasında və KİV-lərlə əməkdaşlığın qurulması sahəsində diaspor təşkilatlarının rolundan danışıb: “Müasir dövrümüzdə bütün dövlətlərin və xalqların dünya miqyasında informasiya inqilabının, sosial şəbəkələrin, internetin təsiri altında fəaliyyət göstərdiyi və informasiya müharibəsində yaşadığı bəllidir. Bu baxımdan aydın həqiqətdir ki, daha çox informasiya yayan və informasiya vasitələrinə çıxışı olan xalqlar XXI əsrdə dünya tarixində başlayan yeni erada – “Texnotron erada” özünə yer tapa biləcək. Bu mənada Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə KİV-lərin köməyi ilə çatdırılması prosesində diaspor təşkilatlarının üzərinə çox məsul vəzifələr düşür”.

Qafar Əliyev bildirib ki, Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandığı dövrdən günümüzə qədər onun yeritdiyi xarici və daxili siyasətin, əldə etdiyi uğurların, həmçinin də bir müstəqil ölkə olaraq üzləşdiyi problemlərdənin, torpaqlarımızın işğalı səbəblərinin, Dağlıq Qarabağ probleminin mahiyyətinin dunya ictimaiyyətinə çatdırılmasında müstəqil, azad və demokratik mətbuatın rolu böyük olub: ” Lakin bəzi hallarda Azərbaycan Respublikasına qarşı qısqançılıq, bəzən də düşmənçilik hissləri ilə yanaşan qurumlara, media nümayəndələrinə da rast gəlirik. Azərbaycan Respublikası hər hansı qlobal əhəmiyyətli bir tədbir planlaşdıran kimi dərhal xaricdəki həmin qüvvələr, anti-Azərbaycan şəbəkənin üzvləri işə cəlb edilir və bütün resurslar işə salınır. Biz bu gün məhz belə halların qarşısının alınması, Azərbaycanla bağlı dolğun informasiyaların alınması üçün belə layihələrin həyata keçirilməsi olduqca vacibdir”.

Aparat rəsmisi qeyd edib ki, Avropa cəmiyyətində, ümumən inkişaf etmiş ölkələrdə çap mediası bu gün də informasiya sektorunun ən dayanıqlı və ən etibarlı sükanıdır.”Avropa məkanında ictimai fikrin formalaşması və yönəldilməsində qəzetlərin rolu həmişə böyük olub və bu gün də bunu qoruyub saxlayır. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrdə peşəkar jurnalistika, peşəkar xəbərçilik və bu sahənin nümayəndələri ilə əlaqələri daim qurmalı və yaxşılaşdırmalıdırlar, vaxtaşırı qəzet redaksiyaları ziyarət olunmalı, fikir mübadilələri aparılmalıdır”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında bildirib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyada təbliği olduqca mühüm məsələdir: “Bu, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra həmişə aktual vəzifə olub. Sadəcə müstəqilliyin ilk illərindən fərqli olaraq indi məsələyə yanaşma da fərqlidir. Əvvəllər biz özünümüzü Sovetlər Birliyinin dağılmasından sonra yaranmış respublika olaraq tanıtmaq, suveren dövlət kimi öz yolumuzun olduğunu göstərmək istəyirdik. Ümumən çalışırdıq ki, Azərbaycan adı hansısa xarici ölkədə səslənsin. Lakin illər keçdikcə məsələ daha qlobal xarakter daşımağa başladı. Biz dünyanın Azərbaycanı qarşı yanaşmasındakı mənfi meylləri dəyişmək üçün səfərbər olduq. Mənfi meylləri şərtləndirən cəhətlər nədir? Əlbəttə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi vurğulanmalıdır. Ermənilər bu xüsusda bizim guya aqressor obrazımızı yaratmağa çalışdılar. Tarixdəki faktları təhrif etdilər”.

Əflatun Amaşov qeyd edib ki, əvvəllər erməni lobbi və diaspor təşkilatları bəzi məqamlarda bizdən daha üstün olurdular: “Zaman-zaman Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv həqiqətləri dünyaya yansıda bilmədik. Demək olmaz ki, hazırda bu sahədə hər şey tam qaydasındadır. Amma biz indi heç də loru desəm, piyada deyilik. Əvvəla Azərbaycan dövləti bu sahədə kifayət qədər ardıcıl iş aparır. İkincisi isə diaspor təşkilatlarımızın özünün də aktivliyi hiss olunmaqdadır.Artıq neçə illərdir ki, biz sizin təşkilatlarla da qarşılıqlı faydalı tədbirlər görmüşük. Ümid edirəm ki, bu fəaliyyətləri dahada intensivləşirəcik və erməni lobbisinin yalan üzərində qurduqları təbliğatın iç üzünü bütün dünyaya göstərəcəyik”.

Azərbaycanın Avropa İttifaqı və Belçika Krallığındakı səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan diasporu ilə yanaşı Avropada Türk diaspora və media qurumları hər zaman Azərbaycan həqiqətlərinin təbliğində dəstək olub, çox vaxt vahid mövqedən çıxış ediblər.” Bu hal çox vaxt bəzi qüvvələrin xoşuna gəlməyib. Onlar Azərbaycanla Türkiyə arasındakı əlaqələri zəiflətməyə çalışıblar. Lakin ötən ay Bakıda keçirilən Türk Konseyinin zirvə görüşü həmin qüvvələrə verilmiş ən gözəl cavab idi. Azərbaycan bir çox beynəlxalq təşkilarlara da sədrlik edir. Bu yaxınlarda 130 ölkənin qatıldığı Qoşulmama hərəkatına üç illik sədrlik qazandı. Bu böyük bir platformadır. Biz bu cür platformlarda birgə fəaliyyətimizi davam etdirməliyik. Onun üçün həm də diaspor və media qurumlarının da əlaqəli və koordinasiyalı şəkildə çalışmasına ehtiyac vardır”.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Hollandiya Azərbaycan-Türk Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Gent Türk Ocaklarının genel koordinatoru Recep Tuncer Sarı, İrak Türkmən Cəbhəsinin Avropa təmsilçisi Hasan Aydınlı, dos.dr Şəmil Sadiq, Safiyə Çinaltı, Nebahat Acar və b. diaspir təşkilatları ilə media qurumları arasında olan problemlərdən danışdılar. Qeyd olundu ki, Azərbaycan həqiqətlərinin təbliğində xarici media qurumları ilə intensiv işlərin aparılmasına zərurət vardır.

 

Bir cavab yazın