Qobuda yarımstansiya var, amma…
Havalar soyuduqca əhalinin, xüsusən də Bakı ətrafı qəsəbələrdə yaşayan sakinlərin elektrik enerjisi ilə təminatında ciddi problemlər hiss olunmağa başladı. Ötən 2-3 gündə havaların küləkli və yağışlı keçməsi zamanı bu problemlər daha çox hiss olunduğu ərazilərdən biri də Abşeron rayonunun Qobu kəndi oldu. Azadinform-a müraciət edən kənd sakinləri bildiriblər ki, qış ayları başlayan kimi Qobunun böyük bir hissəsində (Bələdiyyə binası tərəf) elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranır. Belə ki, kəndin Höküməli tərəf olan hissəsində elektrik enerjisi olsa da, aşağı hissəsində tez-tez dayanmalar olur.
“Hava xətləri – naqillər yenilənib, lakin transformatorlar tez-tez atır. Noyabrın 2-də sutka ərzində 15 dəfədən çox işqılar keçdi” – deyə sakinlərin müraciətində bildirilir.
Qeyd edək ki, 17 yanvar 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyasının açılışı olub. Açılış zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Son illərdə bu ərazidə yaşayış massivlərinin sürətlə artması, o cümlədən Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri çəkilib.
2018-ci il dekabrın 20-də isə Prezident İlham Əliyev “Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 milyon manat ayrılıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azadinform-a bildirib ki, şənbə günü Qobu kəndində izolyator partlayıb: “Təmir edilib, artıq işıq var. Təmir işləri 2-3 ildən bir aparılır. Və hansısa bir işi gördükdə bəlli bir insan sayına görə transformator quraşdırılır. Amma zaman keçdikcə evlərin, insanların sayı artır. Transformator qoşulan mənzillərin sayı artdığına görə yüklənmə olur. Yüklənmə olduğuna görə də tez-tez işıqlar kəsilə bilir. Yəni, işığın tez-tez sönməyinin səbəbi budur. Yaxın günlərdə elektrik enerjisinin verilməsini tam bərpa etmək üçün təmir işlərinin yenidən aparılacağı planlaşdırılır. Bunun üçün artıq material ayrılıb. Höküməli qəsəbəsinin aşağı hissəsində işığın olmamasının gəldikdə isə, bunun səbəbi güclü küləklə bağlı kabel zədələnməsidir. Hazırda başqa xəttdən qoşularaq kəndə işıq verilib. Zədələnmiş kabeldə isə işlər gedir. Artıq bir neçə gündür ki, bununla bağlı “Azərişıq” ASC-nin briqadası işləyir. Qonşu xəttdən işıq verilib. Yəni, kabel xətti qırılmış əraziləri qonşu xəttdən qidalandırıblar. Hazırda Qobuda da, Höküməli qəsəbəsində də işıq var”.