Qüdrət Həsənquluyev: “İdarəetmə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur” – Müsahibə
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edirik
– Qüdrət bəy,son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz?
– Hər kəs kimi mən də dəyişiklikləri müsbət qiymətləndirirəm.Amma dəyişikliklərin sürəti və miqyası məni qane etmir. Biz qısa müddətdə ciddi nəticələrə nail olmalıyıq. Bunu bizdən ölkəmizin mövcud durumu və qarşımızda duran, həllini gözləyən problemlər tələb edir.
– Sizcə sürətli islahatların baş tutmamasının səbəbi nədir?
– Buna həm iqtidarın daxilində mane olan qüvvələr var, həm də cəmiyyətimiz dəyişiklik istəsə də həmin dəyişikliklərin dinc və sabitlik şəraitində uğurla həyata keçirilməsinə ciddi töhfə vermək gücündə deyil.
İnsanlarımız siyasətdən uzaq olduqları üçün hər şeyin ölkənin siyasi rəhbərliyi tərəfindən edilməli olduğunu düşünürlər. Onların bu cür mövqedə qalmasına “fit müxalifəti” də rəvac verir. Heç görmüsünüz onlar vətəndaşları iqtisadiyyatımızı inkişafdan saxlayan, mənəvi mühiti deqradasiyaya uğradan korrupsiya və rüşvətxorluğa qarşı fərdi mübarizəyə səsləsinlər? Sözsüz ki, yox.Yalnız iqtidara nifrət aşılayır və insanlara onların fərdi mübarizəsinin heç bir nəticə verməyəcəyini aşılamağa çalışırlar. Bəyan edirlər ki, “Prezident hər şeyə görə günahkardır, mitinqə gəlin, onu devirək”. Anlamırlar ki, öz hüquqları uğrunda fərd olaraq mübarizə apara bilməyənlərlə inqilab etmək olar, amma onlarla demokratik cəmiyət qurmaq olmaz.
Biz isə deyirik ki, hüquqlarınızı öyrənin, hüquqlarınız uğrunda mübarizə aparın, Prezidentin çağırışına cavab olaraq nöqsanlar barədə ona yazın, məmurların qəbuluna gedin, hüquq pozuntuları barədə sosial şəbəkələr üzərindən müraciətlər edin. Hər yerdə, hər zaman yorulmadan problemlərinizi qonşuya, dost-tanışa, istənilən həmsöhbətə danışın. Biz danışmaqla şüurları dəyişəcəyik. Əgər biz şüurlarda dəyişiklik edə bilsək, cəmiyyətimiz də ağrısız, qansız-qadasız dəyişəcək.
Ona görə hər bir vətəndaşı demokratik cəmiyyətin qurucusu kimi hazırlamaq, maarifləndirmək lazımdır.
-Bəs necə oldu ki, Gürcüstanda niyə bunu həyata keçirə bildilər?
– Gürcülər mülki cəmiyyət quruculuğu istiqamətində müəyyən uğurlar qazansalar da, onların da Qərb standartlarına uyğun cəmiyyət qurmaları hələ çox zaman alacaq. Bununla belə bizi gürcülərlə müqayisə etmək doğru deyil. Təqribən yüz il əvvəl, 1915-ci ildə Azərbaycanda 25 ibtidai, 21 ali ibtidai məktəb mövcud idi. Gürcüstanda isə belə məktəblərin sayı 400-dən çox idi. O fərq bu gün də özünü göstərir. Mən Sibirdə Sovet Ordusunda xidmət edərkən gürcülərin 85 % -i rus dilində fikirlərini sərbəst, 15%- i isə çətinliklə ifadə edə bilirdi. Azərbaycanlılar arasında isə tam əksinə idi. İndi isə yəqin ki, dünya dili olan ingiliscə danışanlar arasında da fərq eyni qaydada gürcülərin xeyrinə olar. Sanki heç nə dəyişməyib.
Nəticə əldə edə bilmədikləri üçün ekstremizmə yuvarlanmış və ayrı-ayrı mafioz qrupların əlində əlatə çevrilmiş və “fit müxalifəti” adını qazanmış bəzi partiya sədrləri iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanı Türkmənistana çevirməyə imkan verməyib. Bu kökündən yalnış yanaşmadır. İqtidar istəsəydi bu çoxdan baş vermişdi. Regionlara baxın, Bakıdan komanda verilməmiş belə bəzi bölgələrdə vəziyyət Türkmənistandan heç də yaxşı deyil. Özü də vaxtilə siyasi fəallığı ilə fərqlənmiş bölgələrdə. Ona görə də azsaylı fəal insanları iqtidarla qeyri-bərabər qarşıdurmaya aparıb xəyal qırıqlığına uğratmaq qəhrəmalıq deyil, demokratik proseslərə böyük zərbədir. Qərb dairələrinin və onların təsir dairəsində olan bir-iki hüquq müdafiə təşkilatının şablon bəyanatlarını, “Qərb Azərbaycanda demokratik prosesləri dəstəkləyir” kimi xalqımıza təqdim etməkdən böyük rəzillik ola bilməz. Qərb Ermənistana görə heç vaxt Azərbaycanda demokratik prosesləri dəstəkləməyib və dəstəkləməz. Elçibəy hökumətinə sanksiya tətbiq edib, onun devrilməsini müdrükcəsinə seyr edən onlar idi. Çünki bilirdilər ki, demokratik islahatlar güclü iqtisadiyyat, güclü ordu deməkdir. Güclü ordusu olan ölkə isə heç vaxt bu cür alçaldıcı işğalla barışmaz. Ramiz Mehdiyevin ABŞ səfirinin hökumətdən seçkinin nəticələrinə etiraz edən insanlara xitabən tələb etdiyi “küçələrdən onları yığışdırın” açıqlamasını yayması nə tez yaddan çıxdı. Hansı ki, heç vaxt təkzib olunmadı. Amma həmin səfirliyin ictimaiyyət üçün verdiyi açıqlama necə idi? Qərbin müəyyən dairələri yerli mafioz qüvvələrlə birlikdə Kərimli dəstəsini bir az canlandıra bilər. Dünən Kərimlini ifşa edəni bu gün onun təyin etdiyi mitinqə dəstək verməyə məcbur edə bilər. Yalnız ona görə ki, iqtidarın başlatdığı islahatları ya dayandırsın, ya da uğusuzluğa düçür edib ölkəni 30 il geri atsın. Bu gün Heydər Əliyevin hakimiyyətdə olduğu zaman buraxdığı “səhvlərdən” danışan adamlar anlamırlar ki, idrəetmə xalqın sosial inkişaf indeksinə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur. Heydər Əliyev bunu çox gözəl bilirdi. Cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşməlidir, hansı ki, İlham Əliyev bu gün, əgər imkan versələr, bunu etməyə çalışır. – Qüdrət bəy, bəzi iqtidar təmsilçiləri özlərini əsl Əliyevçi hesab edir və başqalarının Prezidenti dəstəkləməsini qısqanırlar. Sanki kimsə onların yerini tutacaq. Buna münasibətiniz necədir? – Mərhum Prezident Heydər Əliyev ən böyük təzyiqlərlə və mənəvi terrorla Qorbaçovun və Vəzirovun dövründə üzləşib. O zaman onun əleyhinə mətbuatda çoxlu yazılar çap etdirirdilər. Həmin vaxt onun müdafiəsinə qalxanları əsl Əliyevçi saymaq olar. Əgər belələri olubsa. Mütəllibovun dönəmində kommunist rejimi xeyli zəifləmişdi, amma buna baxmayaraq cəbhəçilərdən kənar Heydər Əliyevi açıq müdafiə edənləri barmaqla saymaq olardı. Mənim BAXCP-dəki müavinim Bünyamin Qəmbərli Elçibəyin tövsiyyəsi ilə Nehrəmdə Heydər Əliyevin xeyrinə namizədliyini geri götürdü. Cəbhəçilərin təkidli xahişi və dəstəyi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Heydər Əliyev məhz cəbhəçilərlə birlikdə Azərbaycan SSR Ali Sovetində 1991-ci ilin martında SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. O adamlar niyə həmin vaxt Heydər Əliyevin yanında deyildilər və ya niyə onun kimi səs vermədilər? Heydər Əliyev Kommunist Partiyasının sıralarından istefa verəndə həmin adamlar niyə ona qoşulub partiyadan, komsomoldan istefa vermədilər? Ona görə də abır-həya edib sussalar daha yaxşı olar. Sadəcə, AXC hakimiyyətə gələndən sonra Qarabağ uğrunda müharibəni dayandırmadı və beynəlxalq dəstəyini itirdi. Daxili siyasətdə ciddi səhvlərə yol verdiyi üçün xalqın böyük qismi AXC-dən üz döndərdi, AXC-nin Heydər .Əliyevlə münasibətləri korlandı. Bundan və AXC-nin yaratdığı demokratik mühitdən faydalanaraq, onlar qorxmadan, yaxşı konyukturşiklər kimi perspektivli, təcrübəli siyasətçi və böyük dövlət adamı olan Heydər Əliyevin pencəyinin ətəyindən tutub hakimiyyətə gəldilər. Əlbəttə bu sözlər 80-ci illərin sonu 90-cı illərin əvvəlində siyasətdə olub bu gün yerli-yersiz mən Əliyevçiyəm deyib başqalarını aşağılamaq istəyənlərə aiddir və o dövrdə siyasətlə məşğul olmamış gənc nəslə aid oluna bilməz. İqtidarda olan bu tipli adamların maraqlarına toxunulsa və qorxmasalar görün nələr edərlər. Bu gün bir-birinin ətini yeməyə hazır olan adamların vəzifələrini itirəcəkləri qorxusu səbəbindən necə birləşdiklərini, prezidentə xəyanət edib ali hakimiyyət üçün hansı təxribatlara getdiklərini görürük. Bu səbəbdən keçmişin qalıqları sayıla biləcək belə adamlara çox da fikir vermək lazım deyil. Mən az-çox siyasi savadı olan adamları çağırıram ki, islahatları dərinləşdirə biməsi üçün kimin nə deməsindən asılı olmayaraq Prezidenti dəstəkləsinlər, razılaşdırılmamış aksiyalara yox desinlər, ölkədə sabitliyin pozulmasına imkan verməsinlər.