AzTU-nun tələbələri “ASELSAN-Bakı”da staj keçəcəklər
Oktyabrın 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.
1998-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. “ASELSAN-Bakı”nın əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazları və s. radioelektronika sistemlərinin satışı, təmiri, onlara texniki dəstəyi əhatə edir.
Görüşdə “ASELSAN-Bakı”nın AzTU ilə əməkdaşlıq imkanları və maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək bu sahədə Texniki Universitetin geniş potensialı olduğunu bildirib. Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu və bu istiqamət üzrə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində “ASELSAN-Bakı” şirkətində staj keçəcəklər. “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və şirkətin stajoru olacaq tələbələr müəyyən imkanlar əldə edəcəklər.