FotoTəhsilXəbər xətti

AzTU-da şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olunub – FOTILAR

Oktyabrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) Aprel
döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun doğum
günü qeyd olundu.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.

Tədbirin iştirakçıları AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış
abidənin önünə gül dəstələri qoydular.Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Şəhidlərinxatirəsi bir dəqiqə sükutla yad edildi.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən Şəhid
valideynlərini salamladı və onlara: “Siz elə bir övlad böyütmüsünüz ki, bütün
Vətən onlarla fəxr edir”-dedi. Rektor Azərbaycanın müstəqilliyi uğrunda
mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin 10 Milli Qəhrəmanı
olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhid
düşdüyünü bildirdi. AzTU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu
vurğulayan Vilayət Vəliyev tələbələri şəhidlərimizin adına layiq olmağa,
təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırdı.

AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında Vətən uğrunda şəhid
olan məzunların xatirəsinin anılması və vətənpərvərliklə bağlı hər il
universitetdə silsilə tədbirlərin keçirildiyini bildirdi.

Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlu ilə bağlı xatirələrini
bölüşərək söylədi:”Oğlumun Vətən uğrunda Şəhid olması nə qədər üzücü
olsa da, qürurvericidir”. Ceyran xanım anım tədbirini möhtəşəm
qiymətləndirərək AzTU rəhbərliyinə səmimi təşəkkür etdi.

Tədbirdə Gənc Mühəndislər İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin
Cəfərli “Elektrotexnika və energetika” fakültəsinin təhsildə fərqlənən, ictimai-
fəal tələbəsi Bağırova Şəlaləyə Əbdülməcid Axundovun xatirəsinə təsis edilən
plaket və mükafatı təqdim etdi. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis
edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü
ərəfəsində, bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə
verilir.

Tədbirdə ssenari müəllifləri-Elşən Zeynallı və Xəqani Həşimovun Əbdülməcid
Axundova həsr olunmuş “Mən səninləyəm ana Vətən” filmi nümayiş olundu.
Şəhid valideynləri universitetdə şəhidlərin xatirəsinə həsr olunmuş “Milli
Qəhrəmanlar və Şəhidlər Muzeyi”ni ziyarət etdilər.

Qeyd edək ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində
qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki
Universitetinin məzunudur. Şəhidlərdən ikisi, Axundov Əbdülməcid və
Mirzəyev Elvin “Elektrotexnika və energetika”, Orucov Müşfiq “Avtomatika və
kompüter texnikası”, Quliyev Mahir isə “Radiotexnika və rabitə” fakültəsinin
məzunudur.