GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Nazarbayevin bu təklifi olduqca əhəmiyyətlidir – Elməddin Behbud

Məlum olduğu kimi, Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev İlham Əliyevlə görüşdə “türkdilli ölkələr” ifadəsinin “türk dövlətləri” ifadəsiylə əvəzlənməsini təklif edib.
Olduqca maraqla qarşılanan bu təklif müzakirə mövzusuna çevrilib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud hesab edir ki, Nazarbayevin təklifi olduqca əhəmiyyətlidir:

“Xalqlar danışdığı dildən fərqli etnik kökə, etnogenezisə malik ola bilir. Bir çox xalqların, o cümlədən də türk xalqlarının içərisində yaşadığından əksəriyyəti bu dildə danışan azsaylı xalqlar var ki, milliyətcə türk deyillər. Eləcə də türk olub ayrı hegemon dildən ana dilindən də çox istifadə edənlər var. Bununla bağlı nümunələr göstərib, Azərbaycan və Orta Asiyadakı türklərin tarix və coğrafiyasından xeyli misal çəkmək olar. Çoxdandır Türk Keneşinin rəsmi adının Türk dövlətlərinin yox, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlandırılmasını doğru saymırdım və daim bu barədə düşünürdüm. Nəyə görə belə ad seçildiyinin səbəbini də doğrusu, bilmirəm. Biz türklər dil eyniliyindən çox soykök, milli mənsubiyyət etibari ilə eyniyyətə malikik. Bu, o qədər aydın həqiqətdir ki, uzun-uzadı izahına da lüzum yoxdur.
Bu gün Qazaxıstan Respublikasının birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin bu mövzuda söylədiyi fikri oxuyanda fikrimdə yanılmadığıma bir daha əmin oldum… Bəli, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası – Sıralarını genişləndirən, dünyanın geosiyası mənzərəsindəki yerini möhkəmləndirən, fəal siyasi aktor kimi iddialarında israrlı görünən, milli və sağlam təməllərə söykənən bir platforma. Nə mutlu Türkəm deyənə!”

Bir cavab yazın