İqtisadiyyatManşetXəbər xətti

Turizm strategiyasının və əcnəbilərin inteqrasiyasının qarşılıqlı əlaqə və təsirlənmə aspektlərinə nəzər salınıb

Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Turizmin inkişaf strategiyası və əcnəbilərin inteqrasiyası” mövzusunda ictimai müzakirə təşkil olunub. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəal dəstəyi ilə təşkil olunan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətinə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib.

İctimai müzakirəni giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, istənilən ölkədə turizm strategiyasının uğurlu şəkildə tətbiqi miqrasiya proseslərinin geniş vüsət almasına səbəb olur. Bu isə ölkə ərazisində müvəqqəti və daimi əsaslarla yaşamaq niyyətində olan əcnəbilərin sayının artması nəticələnir. Vəziyyətin bu şəkil alması əcnəbilərin cəmiyyətə inteqrasiya məsələsini aktuallaşdırır və miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti strukturlar üçün yeni öhdəliklər müəyyən edir. Məhz buna görə effektiv şəkildə icra olunan turizm siyasəti əcnəbilərin yerli şəraitə uyğunlaşması, cəmiyyətə inteqrasiya olunması üçün yeni imkanlar və perspektivlər yaradır.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev turizmin inkişaf strategiyası müstəvisində təmsil etdiyi qurumun həyata keçirdiyi miqrasiya siyasəti, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı qanunvericilikdə yer alan son dəyişikliklər, vizaların verilməsi sahəsində yeni qaydalar, istifadədə olan yeni mobil tətbiq və digər resurslar barədə ətraflı məlumat verib.

Əcnəbilərin inteqrasiyası ilə əlaqədar icra olunan layihə barədə danışan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynova həyata keçirilən layihənin məqsəd və vəzifələri, fəaliyyətləri və bu istiqamətdə gələcək planlar barədə danışıb.

“Azərbaycanda turizmin inkişaf strategiyasının əcnəbilərin inteqrasiyasına təsiri” mövzusunda keçirilən sessiya çərçivəsində çıxış edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Turizm üzrə işçi qrupunun rəhbəri Habil Niftalı qrupun xətti ilə təşkil edilən tədbirlər, görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Mövzunun aktuallığını diqqətə çəkən “Millennium Travel Azerbaijan” Şirkətinin rəhbəri Ruslan Quliyev turizmin təşviqi zamanı risk ehtimallarının olmasını xüsusilə vurğulayıb və bu baxımdan ilk əvvəl təhsil müəssisələrində maarifləndirmə və potensial risk qrupları arasında məlumatlandırılma işlərinin yerinə yetirilməsinin, qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasının, həmçinin turizm sahəsində statistik bazanın təkmil qurulmasının vacibliyini qeyd edib. “Baku Travel-Tourism” Şirkətinin rəhbəri Əziz Şiriyev, “Səyahət, Sağlamlıq və Turizm” Şirkətinin rəhbəri Tərlan Quliyev, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova və digər iştirakçılar milli tur-bələdçilərin formalaşdırılması, turizm lisenziyalarının verilməsi və əcnəbilərin turizm sahəsində əmək fəaliyyəti üzərində aidiyyəti strukturların nəzarətinin gücləndirilməsi, kənd turizminin təşviqi, turizm polisinin yaradılması və s. aktual məsələlər barədə fikirlər söyləyiblər.

Kifayət qədər interaktiv şəraitdə keçən müzakirədə ölkədə turizm sektorunun aktual məsələlərinə, mədəniyyətlərin yaxınlaşmasında turizmin roluna və onun miqrasiya mübadiləsinə təsirinə, turizmin inkişafı və bu amilin əcnəbilərin adaptasiyası və inteqrasiyası ilə əlaqəsinə, turizm sektorunun inkişafını ləngidən amillərə və onların miqrant axınlarına təsir aspektlərinə nəzər salınıb. Müzakirə zamanı miqrasiya orqanlarının fəaliyyətinin müxtəlif aspektləri barədə verilən suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən ətraflı şəkildə cavablandırılıb. İştirakçıların yekdil fikri ondan ibarət olub ki, bu mövzuda aparılan ictimai müzakirələr davamlı şəkildə təşkil edilməli və bu əsasda dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatları arasında geniş əməkdaşlıq əlaqələrinə malik olan işgüzar bir platforma qurulmalıdır.

Bir cavab yazın