“Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib – VİDEO/FOTOLAR
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş “Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib.Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edillməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatların dünyaya çatdırmaq məqsədi daşıyır. Tədbirdə millət vəkilləri, media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan BAMF prezidenti layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın əhəmiyyətindən danışıb. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu qeyd edib. Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətəndaşımızın maarifləndirmə aparmasının zəruri olduğunu bildirib. “Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və.s ölkələri təmsil edən 100-lərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900 dən yuxarı yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız iziləri qalmaqdadır ”.
Umud Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-İnsan Haqqları Şurasında 5 dildə dərc edildiyini bildirib. O, “Güllələnmiş Məzarlıq” sosial filminin Cenevrədə İnsan Haqqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı namayiş olunduğunu qeyd edib. Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən “Avrasiyada Təhlükəsizlik” adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən “Güllələnmiş Məzarlıq” filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkliliyini söyləyib. Bu işdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyin əhəmiyyətindən söz açıb. Tədbir millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirələri ilə davam etdirilib.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov bildirdi ki, ermənilər Azərbaycan ərazilərini işğal edərkən orada olan maddi -mədəni abidələri vandalcasına dağıdıblar və bu abidələrin əksəriyyətinin onlara məxsus olması haqqında beynəlxalq aləmdə fikir yaratmağa çalışırlar: “Təəssüfləndirici haldır ki, ermənilər Azərbaycanın işğal altındakı tarixi ərazilərində beynəlxalq ekspertləri cəlb edərək qazıntı işləri aparırlar. Çox zaman bunu öz mətbuatlarında yayımlayırlar. Orada hər hansı tarixi tapıntı əldə edəndə onun özlərinə məxsus olduqlarını bildirirlər. İşğal altında olan muzeylərimizdəki tarixi əşyalarımızı öz tarixləri kimi dünyada təqdim edirlər. Sirr deyil ki, silahlı münaqişələr zamanı onlar işğal olunmuş ərazilərdə tarixi abidələrimizə odlu silahla atəş açmışdılar. Bizim torpaqlarımız müvəqqəti işğal altındadır. Biz fəaliyyətimiz zamanı onların bu vəhşiliklərini xarici dillərə tərcümə edib, beynəlxalq kitabxanalara göndəririk. Bizlər bu cür təbliğatla ermənilərin tarixi saxtalaşdırmaq məqsədlərinin qarşısını ala bilərik.”
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, bu film bir daha sübut edir ki, bizim mübarizə əzmimiz davam edir.Qarabağın hər guşəsində, hər qarışında bu cür dağıdılmış evlər, məzarlıqlar, tarixi yerlər çoxdur. Bu erməni xalqının mahiyyətini ifadə edir. Onların mədəniyyəti göz qarşısındadır. Onlar terror, insanları qətlə yetirmək, tarixi abidələri məhv etməyi ilə nədən ibarət olduqlarını bildirir. Təəssüf ki, bizim belə qonşumuz var. Azərbaycan bu xalqın cavabını qısa zamanda verəcək. Bu gün ölkədə fəaliyyət göstərən QHT-lər Qarabağ problemi ilə bağlı layihələr təqdim edir. Film bir kəndin ətrafında bütün Qarabağdakı vəziyyəti çox gözəl göstərib.
Millət vəkili Qənirə Paşayeva bildirdi ki, biz bu filmdə bir milyondan çox insanın acısını görə bilirik. Bu acıları paylaşırıq. Orada dağıdılan evlər bizim evlərimizdi, dağıdılan məzarlıqlar bizim məzarlığımızdır, tarixi abidələr bizim tariximizdir. Harada doğulub, yaşamasından asılı olmayaraq işğal olunmuş ərazilər bizim hamımızın torpağıdı, vətənidir. Umud bəy mütəmadi olaraq xaricdən gələn jurnalistləri, qonaqları tez-tez ora aparıb hadisə ilə onları yerində tanış edir. Bu çox önəmli məsələdi. Eşitmək və görmək fərqli anlayışdır.Görmək erməni cinayətkarlığını əyani göstərməkdir. Qəbirstanlıqlar, məzarlıqlar sadəcə əzizlərimizin uyuduqları yer deyil. Və ermənilər bunu planlı şəkildə dağıdırlar. Ora bizim tarixi yaddaşımızdır. Orada neçə yüz illiklərin tarixi uyuyur. Ali baş komandanımızın rəhbərliyi altında, onun yanında olaraq torpaqlarımızn azad edilməsi üçün çox çalışmalıyıq. Hər kəs öz yerində nələr edə bilərsə və edirsə bu artıq bizim qələbəmizdir. Buradakı insanların hamısı bu vəziyyəti bilir. Amma filmin ingilis dilinə tərcümə olunması, beynəlxalq təşkilatlarda, auditoriyada nümayiş olunması bizim haqq səsimizin dünyaya çatdırılması deməkdir.
Tədbirdə çıxış edən Cahangir Məmmədli bildirdi ki, 10 dəqiqəlik filmdə biz illərlə ermənilərin Azərbaycan mədəniyyətinə qarşı göstərdiyi vəhşi münasibəti görürük: “Bu gün təkcə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi belə deyil. Bu gün ermənilər Qarabağın hər yerində bu cür vəhşiliklər ediblər. Yaxın zamanlarda Ali baş komandamızın rəhbərliyi altında öz doğma torpaqlarımıza qələbə yürüşü edəcəyimiz gün uzaqda deyil.”
Tarixi əsərlər müəllifi Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, ən böyük işlər ən xırda işlərdən başlayır.: “Ən xırda işə diqqət etsək, böyük uğurlarımız olacaq. Bu film xırda iş deyil. Azərbaycan və Qarabağ tarixi və həqiqətlərinin dünyaya çatdırılması üçün görülən böyük işlərdən biridi.”
Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, qəbir mədəniyyəti dünyanın ən qədim tarixi mədəniyyətidir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir və qəbirlərin vəhçicəsinə dağıdılmasını düzgün hesab etmir. Qədim bir qəbirlə bütöv bir millətin tarixini yazmaq mümkündür. Təbii ki, ermənilər bunu da məqsədsiz etmirlər. Onlar işğal altındakı ərazilərdə olan məzarlıqları məhv etməklə Azərbaycan tarxini, mədəniyyətini məhv eləmək istəyirlər. Təəssüf ki, bu gün Qarabağda Alban kilsələri, abidələri məhv edilir, dağıdılır. Biz beynəlxalq aləmin diqqətini bu məsələlərə yönəltməliyik.