FotoManşetTəhsilXəbər xətti

AzMİU ilə Rusiya universiteti arasında Əməkdaşlıq müqaviləsi bağlanıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Rusiyanın Yuqorsk Dövlət Universitetinin rektoru Tatyana Karminskaya və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Universitetdən Aktor.Az-a verilən məlumata görə, görüşdə sözügedən universitetin gənclər siyasəti və xarici əlaqələr üzrə prorektoru Anna Brovina, tədris işləri üzrə prorektor müşaviri, Roman Şamileviç də iştirak edib.

Qonaqları salamlayan rektor Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi universitetin Rusiyanın ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini deyib. O, bu münasibətlərin daha da inkişaf edəcəyini, qarşılıqlı əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Yuqorsk Dövlət Universitetinin rektoru Tatyana Karminskaya səmimi qəbul üçün həmkarına təşəkkür edib, onunla görüşməkdən fəxr duyduğunu bildirib. Təmsil etdiyi universitet barədə məlumat verən qonaq universitetlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində faydalı təkliflər səsləndirib. Eyni zamanda o, gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıb.

Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması və s. nəzərdə tutulub.

 

Bir cavab yazın