Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri müzakirə edilib – FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri” mövzusunda ictimai müzakirə təşkil olunub. Aktor.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəal dəstəyi ilə təşkil olunan həmin tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətinə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib.
Təşkil olunmuş ictimai müzakirənin məqsədi və icra olunan layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri və Şuranın Əcnəbilərin inteqrasiyası üzrə işçi qrupunun rəhbəri Azər Allahverənov bildirib ki, dünyada geniş vüsət alan miqrasiya proseslərinin aktual məsələlərindən biri əcnəbilərin təyinat ölkəsində yerli cəmiyyətə inteqrasiya olunmasıdır. Bu məsələ ona görə aktualdır ki, istənilən ölkədə yerli cəmiyyətə inteqrasiya olunmayan əcnəbi sonradan elə həmin cəmiyyətdə mövcud olan sosial problemlərin, o cümlədən qeyri-qanuni müstəvidə gedən miqrasiya proseslərinin potensial iştirakçısıdır. Məhz bu səbəbdən miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin diqqət mərkəzində saxlanılan əsas ölkə ərazisində məskunlaşan əcnəbilərin yerli cəmiyyətə tam şəkildə inteqrasiya olunmaları üçün əlverişli şəraitin yaradılması ilə əlaqədardır. Bu vəzifə isə istənilən ölkədə əcnəbilərin inteqrasiyası ilə bağlı işləri özündə ehtiva edən vahid dövlət strategiyanın formalaşdırılmasını zəruri edir.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev əcnəbilərin inteqrasiyası ilə əlaqədar təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanının həyata keçirdiyi fəaliyyətlər, xüsusilə də bu qurumun qurumlararası əlaqələndirmə, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səyləri barədə məlumat verib. Qurum rəsmisi bildirib ki, əcnəbilərin inteqrasiyası bir çox məsələlər yanaşı həm də güclü qanunvericilik bazasının olmasını tələb edir ki, bu istiqamətdə də mühüm addımlar atılır, xüsusilə dövrün tələblərinə uyğun qanunvericiliyin daima təkmilləşdirilməsi istiqamətində mühüm işlər yerinə yetirilir.
“Əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası: cari vəziyyət və aktual məsələlər” mövzusunda keçirilən sessiyada çıxış edən politoloq Nəzakət Məmmədova beynəlxalq praktikada geniş yer alan əcnəbilərin inteqrasiyası ilə bağlı mövcud strategiya, inteqrasiyasının müsbət və mənfi tərəfləri, inteqrasiyanı çətinləşdirən maneələr və bu sahədə Azərbaycanda həyata keçirilməsi vacib hesab olunan tədbirlər barədə danışıb. Uzun müddətdir ki, miqrantlarla sıx təmasda işləyən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bu sahədə malik olduğu təcrübəsini bölüşüb və əcnəbilərin müxtəlif kateqoriyasına aid edilən qruplarının inteqrasiyasının sosiomədəni identikliyi, əmək bazarına çıxışı, təhsil imkanları və s. aspektləri barədə danışıb.
Tədbirdə fəal iştirak edən İranlı Mühacirlər Cəmiyyətinin sədri Firudin İbrahiminin Azərbaycanda məskunlaşan İran mühacirlərinin yerli cəmiyyətə inteqrasiyası, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədovun əcnəbilərin inteqrasiyasının uğurlu modeli, sosioloq Zəminə Səfərovanın ölkə ərazisində yaşayan qaçqın və sığınacaq axtaran şəxslərin inteqrasiyasının uğurları və bu sahədə görülməsi vacib hesab olunan işlər, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyevanın 2020-ci ilin yanvarın 01-dən etibarən qüvvədə olacaq icbari tibbi sığorta və əcnəbilərin bundan yararlanmaq imkanları, “Təmin Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın həssas qruplara aid edilən insan alveri və ailədaxili münaqişələrin qurbanlarının yerli cəmiyyətə inteqrasiyasının çətinlikləri, “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynova icra olunan layihənin perspektivləri barədə çıxışları və digər iştirakçıların fikirləri maraqlı dinlənilib. Keçirilən müzakirələr zamanı iştirakçıların səsləndirdikləri suallar və aktuallığı ilə səciyyələnən məsələlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Müzakirələr zamanı birmənalı şəkildə qeyd olunub ki, əcnəbilərin səmərəli inteqrasiyası bu şəxslərin hüquqi cəhətdən hərtərəfli məlumatlı olmalarından asılıdır və bu səbəbdən hazırkı layihə çərçivəsində təşkil olunan maarifləndirmə işlərində xüsusi diqqət həm də onların hüquq və vəzifələrinə yetirilməlidir.