GündəmManşetSiyasətXəbər xətti

“Yeni konstitusiyaya ehtiyac var”

Qüdrət Həsənquliyev: “Konstitusiyada proporsional seçki sisteminin bərpası da yer almalıdır”

“Milli Məclisidə payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı təkliflə çıxış etmək istəyirəm. Əlbəttə bu təkcə Milli Məclisə aid olan məsələ deyil, hesab edirəm ki, ölkənin siyasi rəhbərliyinin və hakim siyasi partiyanın da bununla bağlı qərarı lazımdır”.
Bu fikirləri Milli Məclisidə payız sessiyasının qanunvericilik işləri planına təkliflərini dilə gətirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Fikrini davam etdirən millət vəkili “Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini qazanandan sonra çətinliklərə baxmayaraq, mərhum prezident, böyük dövlət adamı Heydər Əliyevin liderliyi ilə Azərbaycan xaosdan, vətəndaş qarşıdurmasından xilas oldu, ölkədə sabitlik bərpa edildi, biz inkişaf yoluna qədəm qoyduq”, – deyə bildirib: “Həqiqətən də, bizim bu illər ərzində tənqidlərimizə baxmayaraq, ölkə böyük inkişaf yolu keçib, çox böyük işlər görülüb, amma çox böyük problemlər də qalmaqdadır. Torpaqlarımız işğal altındadır. Çox təəssüf ki, bu problemi həll edə bilməmişik. Hesab edirəm ki, bu günkü inkişafımız da ölkəni inkişafın yeni mərhələsinə keçirməyimizi zəruri edib. Ona görə də, keçid dövrünün konstitusiyası olan mövcud konstitusiyamızla indiyə qədər nə edə biləriksə etmişik. Bundan sonra siyasi islahatları dərinləşdirmək üçün, xüsusilə də siyasi, hüquqi, dövlət quruculuğu istiqamətində ölkədə yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var. Bu konstitusiyada da bir çox məsələlərlə yanaşı, çoxpartiyalı sistemin inkişafı üçün, proporsional seçki sisteminin bərpasının da yer almasına böyük ehtiyac var. Bu məsələni parlamentdə qaldırıram və hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”.

İşğalla bağlı qanun qəbul etməliyik

Millət vəlkili bildirib ki, ikinci böyük bir məsələ işğal altında olan torpaqlarımızla bağlıdır: “Biz, hələ torpaqlarımızı işğaldan azad edə bilmirik. Amma Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparılır. Ora xarici dövlətlər, şirkətlər, vətəndaşlar tərəfindən investisiya qoyulur.
Bizim kimi tale yaşayan Gürcüstan, Ukrayna və Moldovada işğal edilən ərazilərin hüquqi statusu haqqında qanun qəbul ediblər. Vaxtilə parlamentdə də bir neçə millət vəkili tərəfindən bu məsələ qaldırılıb. Düşünürəm ki, işğal altında olpan torpaqlarımızda qanunsuz məskunlaşan şəxslər, investisiya yatıranlar haqqında cinayət işi qaldırmalıyıq. Bu da qanunda öz əksini tapmalıdır. Ona görə də, belə bir qanunun qəbul olunmasına böyük ehtiyac var və çox istəyərdim ki payız sessiyasında biz belə bir qanun qəbul edək.
Bizim əlillərdə aqressiyanın səbəbi nədir?
Bundan başqa bir məqama da toxunmaq istəyirəm: Bəzən 3-4 iclasdan bir cari məsələlər olur və millət vəkilləri bu və ya digər məsələyə münasibətini bildirirlər. Parlament təkcə qanunverici orqan deyil. Milli Məclis həm də nümayəndəli bir orqandır. Ona görə də seçiciləri narahat edən, ölkənin qarşısında duran problemlərlə bağlı parlamentdə mütəmadi çıxış etmək imkanlarımız olmalıdır. Bu baxımdan, hesab edirəm ki, bu gün daxili nizamnəməyə dəyişiklik etməliyik ki, hər iclasdan öncə millət vəkilləri üçün belə bir şərait yaradılsın. Bu gün məni ən çox narahat edən bir məsələyə qısa olaraq toxunmaq istəyirəm. Sosial şəbəkələrdə izlədik ki, bir qrup Qarabağ əlili Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə toqquşur və tikilən evi müdafiə etmək istəyirlər. Mən çox istəyirəm prokurorluq orqanları araşdırsın ki, bizim əlillərdə aqressiyanın səbəbi nədir, bu hardan qaynaqlanır? Niyə onlar çox aqressiv davranırdılar? Əlbəttə, polis bu məsələyə çox böyük təmkinlə yanaşdı və daxili işlər orqanları bununla bağlı açıqlama verdi. Mən çox minnətdaram ki, sağlamlığını itirmiş həmin insanlara hər hansı formada güc tətbiq olunmadı. Mən istəyirəm ki, onlar bağışlanılsın, cinayət təqibi olmasın. Amma bir məsələ araşdırılmalıdır ki, onlar niyə belə aqressiv idilər? Ona görə ki, sökülən həmin evin yanındakı binanın da sənədləri yoxdur. Qarabağ əlilləri və başqa insanlar haqlı olaraq bu sualı verirlər ki, niyə tutaq ki, filankəsə olar mənə olmaz? Nəyin müqabilində tutaq ki, hər hansı bir şəxsin ev tikməsinə göz yumulur, amma digərinə belə bir imkan tanınmır. İkincisi, polisləri belə təxribatlara çəkmək lazım deyil. Polis o halda məsələyə qarışmalıdır ki, müvafiq dövlət orqanının qərarı olsun. Əlbəttə orada asayiş pozulur, mübahisə, münqaişə yaranır və dərhal polisə zəng edirlər. O ad altında polisi ora cəlb edirlər və polisə deyirlər ki, sən burada qanunsuz ev tikintisinə imkan vermə”.

Cənubi Koreyada 8 azad iqtisadi zona var…

Millət vəkili “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb: “Mən çox istəyirəm Valeh (Vitse-spiker Valeh Ələsgərov-red) müəllim bizə söyləsin ki, niyə azad iqtisadi zonanın səlahiyyətli qurumunu indiyə qədər – qanun qəbul olunandan az qala bir il keçməsinə baxmayaraq formalaşdırmaq mümkün olmayıb? Biz bu sürətlə orada nə zaman fəaliyyətə başlayacağıq? Məsələn Avropanın inkişaf etmiş əksər ölkələrində azad iqtisadi zonalar var və çox uğurlu fəaliyyət göstərirlər. Məsələn İspaniya, İsveç, Böyük Britaniya, Finlandiya, Fransa, Danimarka, Almaniya, İrlandiya, İtaliya və s. kimi ölkələri misal göstərə bilərik. Məsələn, Azərbaycanla çox gözəl əlaqələri olan Cənubi Koreyada 8 azad iqtisadi zona var. Valeh müəllim, əgər sizin dediyiniz kimi, bizim mütəxəssislərimiz yoxdursa, daha doğru olardı ki, biz, xaricdən mütəxəssislər dəvət edək. Onlara yaxşı əməkhaqqı verək, desinlər ki, məsələn idarə heyətini necə formalaşdırmaq lazımdır, idarə heyəti hansı işlərlə məşğul olmalıdır, hansı qərarları, qanunları qəbul etmək lazımdır? Ələt azad iqtisadi zonasının səlahiyyətli orqanını nə qədər tez formalaşdırsaq hesab edirəm ki, ölkədə qeyri-neft sektorunu inkişafına töhfə vermiş olarıq. Prezident də söyləyir ki, biz iqtisadiyyatımızı inkişaf etdirməliyik, amma düşünürəm ki, bu yerişlə biz orada hələ uzun illər fəaliyyətə başlaya bilməyəcəyik. Bu təkcə Valeh müəllimə aid olan məsələ deyil. Valeh müəllim sadəcə qanunu təqdim edir. Çox istəyərdim ki, xaricdən yaxşı mütəxəssislər cəlb olunsun. Məsələn, icraçı direktor yaxşı maaş müqabilində Cənubi Koreyadan, Finlandiyadan, Danimarkadan gəlsin. Bu işlərin qurulmasında bizə kömək etsinlər. Burada utanmalı bir şey yoxdur. Əslində dünya ölkələrinin praktikasında xarici mütəxəssislərin dəvət olunması çox geniş yayılıb. Təkcə məsləhətçi kimi çalışmasınlar, azad iqtisadi zonanın idarə heyətinin sədri, icraçı direktoru da əcnəbi olsun”.

“Əvvəl qanunsuz yığırdılar, indi qanunla yığırlar”

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reaklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanun layihələrinin müzakirəsi zamanı fikirlərini bölüşən millət vəkili diqqətə çatdırıb ki, uşaqları zərərli informasiyadan əvvəl siqaretdən, alkaqoldan qorumalıyıq: “Xatırlayırsınızsa vaxtilə mən burada məsələ qaldırmışdım ki, reklam agentliyinin əməkdaşları mağazara yaxınlaşaraq deyirlər ki, siz şüşənin arxasına məhsullar düzmüsüz, bu bayıra ünvanlandığı üçün reklamdır. Buna görə pul tələb edir və alırdılar. Qəzet köşklərində siqareti açıq formada düzürlər, özü də məktəblərin yaxınlığında yerləşən köşklərdə də bu proses müşahidə olunur. Mən o zaman sual vermişdim ki, bunun qarşısı niyə alınmır? Reklam haqqında qanuna dəyişiklik olundu. Biz qanunun 26.1-ci maddəsinə dəyişiklik etdik. Mən onu olduğu kimi oxuyuram: “Reklam bayıra ünvanlanmaqla, qapıların, pəncərələrin üzərində yerləşdiyi halda açıq reklam hesab olunur”. Yəni biz bunu qanuna daxil etmişik, cənab prezident imzalayıb və qanun hüquqi qüvvəyə minib. Bununla də mən reklam agentliyinin “işini düzəltim”. Onlar indi hamıdan hüquqi müstəvidə pul yığırlar ki, şüşənin arxasına qoymusan, bayıra ünvanlanıb, pulunu ver. Əvvəl qanunsuz yığırdılar, indi qanunla yığırlar. Amma yenə də nə alkaqola və siqartetə dəymirlər –baxmayaraq ki, alkaqolun reklamı qanunla qadağandır. Deputat həmkarlarımdan xahiş edirəm ki, iclasdan çıxandan sonra baxsınlar, 20 nömrəli məktəblə üzbəüz köşkdə siqaretləri şüşənin arxasına düzüblər, diqqəti cəlb etmək üçün kənarlarını xüsusi işəqla işıqlandırırlar. Siqaret qurusunun üzərində “sağlamlığınlza ziyandır” ifadəsinin üzərinə qiymət də yapşdırırlar ki, oxunmasın. Mən bilmirəm bu işə kim rəhbərlik edir, o köşklər kimindir, onun arxasında kim durub, niyə həmin adam Azərbaycan qanunlarından yüksəkdir, yaxud burada hansı korrupsiya əlaqələri var? Müvafiq dövlət orqanları bunu araşdırmalıdır. Bu birbaşa gənclərin, yeniyetmələrin sağlamlığına ziyandır və biz bununla bağlı qanun qəbul etmişik. Bu qanunalar niyə icra olunmur? Milli Məclis olaraq qanun qəbul etməklə yaxamızı kənara çəkməməliyik. Müvafiq dövlət orqanlarından tələb etməliyik ki, niyə tədbir görülmür?”.

Bir cavab yazın