Millət vəkili gələn həftə istefa verəcək – Deputatlıq bitdi
Deputat Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi, onun borclarının ümimilikdə bir neçə milyonu ötməsi barədə xəbərlər siyasi gündəmin əsas mövzularındandır.“Yeni Sabah” xəbər verir ki, R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.
Buna görə də Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu barədə məlumatlar xəbər portallarında yayılar-yayılmaz o da məlum oldu ki, deputat Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovadan 300 min dollar borc alıb və qarşılığında deputat vəsiqəsini ona girov olaraq verib.
Başqa bir məlumata görə isə, Rafael Cəbrayılovun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu var. Bu borc öhdəliyi ilə bağlı məhkəmə də keçirilib və prosesdə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına qərar verilib.
Beləliklə, millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu bəlli olur.
Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif banklara və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borcu olduğu deyilir.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. A. Abıyev açıqlamasında demişdi ki, hazırda deputatlar məzuniyyətdədirlər:
“Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək”.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir:
“Xalq verib bu mandatı deputata. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər. Hər hansısa şəxsi marağa görə, nəinki şəxsiyyət vəsiqəsini, hansısa sənədi, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər, o da ancaq MM sədri təklif verərsə. Bizim daxili nizamnaməyə görə, parlamentin sədri bununla bağlı İntizam Komissiyasına müraciət edir. İntizam Komissiyası da baxır, araşdırır və əgər belə fakt ortaya çıxırsa, o zaman İntizam Komissiyası bunu parlamentə çıxarır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və deputat mandatdan məhrum olunur”.
Siyavuş Novruzov həmkarını bu proseduru gözləməməyə və istefa verməyə çağırmışdı.
Rafael Cəbrayılov özü isə Real TV-yə açıqlamasında mətbuat konfransı keçirəcəyini və jurnalistlərdən onun açıqlamalarını geniş işıqlandırmağı xahiş etmişdi.
AzNews.az-a kifayət qədər mötəbər mənbələrdən daxil olan məlumata görə, siyasi hakimiyyət və mənsub olduğu partiya Rafael Cəbrayılovla bağlı artıq qərar verib və onun deputat vəsiqəsini girov qoyaraq borc almasını bağışlamaq fikrində deyil:
“Gələn həftə Milli Məclisin payız sessiyası başlayacaq. Cəbrayılov deputat səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edəcək. Diqqət etdinizsə, Siyavuş Novruzov da ona məhz bunu təklif etmişdi. Siyavuş Novruzovun bu təklifini hakim partiyanın ümumi mövqeyi kimi qarşılamaq olar”.
Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası bazar ertəsi, yəni sentyabrın 30-da keçiriləcək. Ehtimal etmək olar ki, Cəbrayılov istefa ərizəsini parlament rəhbərliyinə ya toplantıdan əvvəl, ya da iclas başlayan zaman təqdim edəcək.