İki yubiley: Böyük dramaturq və AzTU-nun “dramatik” tarixçəsi
Bu il böyük Cəfər Cabbarlının 120 illiyidir, gələn il isə aparıcı ali təhsil ocaqlarımızdan olan Azərbaycan Texniki Universitetinin yubileyini qeyd edəcəyik.
Bilənlər bilir ki, böyük dramaturq 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olub və 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alıb. Həmin məktəb isə AzTU-nun sələfləri sırasındadır. Bu sələf-xələfliyin qısa tarixçəsini yada salaq:
1887-ci il 10 noyabr. Bakı şəhər duması Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarır.
1888-ci il iyul. Bakı Politexnik Məktəbi (BPM) Şəhər Sənət Məktəbi kimi fəaliyyətə başlayır.
1896-cı il 1 sentyabr. Bakı İbtidai Mexanika-kimya-texnika Məktəbinə çevrilir.
1913-cü il yanvar. BPM Alekseyev orta mexanika və tikinti-texniki məktəbi adlandırılır.
1917-ci il 30 may. Üç şöbədən (neft sənayesi, elektromexanika və memarlıq-inşaat) ibarət politexnikuma çevrilir və Bakı Politexnik Məktəbi adlandırılır.
1918-ci il. Məktəb Bakı Politexnikumu adlandırılır.
1920-ci il 16 noyabr. Azərbaycan İnqilab Komitəsi “Bakıda politexnik institutunun yaradılması haqqında” dekret verir.
1920-ci il 12 dekabr. Bakı Politexnik İnstitunun (BPİ) yaradılması ilə bağlı Bakı Politexnikumu bağlanır.
1921-ci il 1 yanvar. BPİ-də dərslər başlayır.
1923-cü il. İnstitut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılır.
1930-cu il 30 may. Azərbaycan Politexnik İnstitutunun adı dəyişdirilir və Azərbaycan Neft İnstitutu (İndiki nüfuzlu və aparıcı ali məktəblərimizdən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) adlandırılır.
1934-cü il. Azərbaycan Neft İnstitunun adı dəyişdirilir və Azərbaycan Sənaye institu adlandırılır.
1950-ci il. Tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu yaradılır.
1993-cü il. Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti adını alır.
Polemika açmaq niyyətində deyiləm, sadəcə bu faktı vurğulayım ki, C.Cabbarlının məzunu olduğu elektro-mexanika şöbəsi Bakı Politexnikumu instituta çevrildikdən sonra “mexanika” və s. adlar altında fakültə kimi fəaliyyətini davam etdirmiş və indiki AzTU-da “Nəqliyyat” adlanır.
Qəzənfər Həmidoğlu,
Azərbaycan Texniki Universitetinin şöbə müdiri