Dövlət Miqrasiya Xidməti 5 əcnəbi ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsi miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan Respublikası vətəndaşı ilə bağlı məlumat yayıb.
Aktor.Az həmin məlumatı olduğu kimi diqqətə çatdırır:
“İşgüzar səfər vizası əsasında Azərbaycana gələn və ölkədə olduqları müddətdə miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan Respublikası vətəndaşının qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmasına dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin
Məlumatı
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman və Hindistan Respublikası vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar cari ilin 13, 27 və 30 iyul tarixlərində işgüzar səfər vizası əsasında ölkəyə giriş etmişlər. Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 3, 5 və 7 avqust tarixlərində Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddəti bitmiş, ancaq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilmişdir. Hər üç əcnəbiyə 19.08.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilmiş və əcnəbilərin viza müddətləri bitdiyindən onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilmiş və bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılmışlar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməmiş və müvafiq olaraq 12 və 13 sentyabr tarixlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur.
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış digər 2 nəfər Nepal vətəndaşı Sing Bahadur Tamang və Simon Chundara isə cari ilin 11 və 15 iyun tarixlərində işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş etmişlər. Hər iki əcnəbi 23 iyun tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən, əcnəbilərə 15 və 18 iyul tarixlərində ilkin olaraq 3 ay müddətinə müvəqqəti yaşama icazəsi verilmişdir. Ancaq sonradan əcnəbilərin faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olduğu deyil, Azərbaycan Respublikası vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb olunduqları aşkarlanmışdır. Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə öz təsdiqini tapmış, əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri 16 avqust tarixində ləğv edilmiş və 13 sentyabr tarixində Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, əcnəbilər barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuşdur. Əcnəbilər, barələrində qəbul olunan müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılmışlar.
Şəxslərin hindistanlı turist olduğu, qanunsuz olaraq məsuliyyətə cəlb olunduğu, həbs olunduğu və ya hər hansı qeyri-insani rəftara məruz qaldıqlarına dair iddialar aparılmış, daxili araşdırma nəticəsində öz təsdiqini tapmamış və həqiqətə uyğun olmadığı aşkarlanmışdır. Bundan başqa, aparılan araşdırma nəticəsində adıçəkilən əcnəbilər üçün ölkədə iş və müvvəqqəti yaşama icazəsi alınacağı və daha sonra üçüncü ölkələrə göndəriləcəkləri vədi ilə onlardan xeyli miqdarda pul alınmasına dair məlumatlar əldə
olunmuşdur. Faktla bağlı materiallar müvafiq tədbirlər görülməsi üçün aiddiyyəti hüquq mühafizə orqanlarına göndərilib.
Əlavə olaraq qeyd edilməlidir ki, miqrasiya qanunvericiliyinin tələblərini pozduqları üçün əcnəbilərin saxlama mərkəzlərinə yerləşdirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu zəruri tədbir kimi müraciət olunur. Ölkədə olma və yaşaması üçün heç bir sənədi olmayan, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və ölkədə yaşamasının leqallaşması hüquqi olaraq mümkün olmayan əcnəbilərə ilkin olaraq ölkəni könüllü tərk etməsi təklif edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə 24 avqust 2016-cı il tarixli 317 №-li Qərarına uyğun olaraq fəaliyyətini təmin edir. Saxlama mərkəzinə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və Milli Preventiv Qrup üzvləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin işçiləri, əcnəbilərin vəkilləri, yaxın qohumları və s. şəxslər mərkəzdə saxlanılan əcnəbilərlə maneəsiz görüşə bilirlər. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən Mərkəzlərə vaxtaşırı turlar təşkil olunur.
Mərkəzə baş çəkmək, saxlanılan əcnəbilərlə görüşmək (həmçinin adıçəkilən əcnəbilərlə), orada yaradılan şəraitlə tanış olmaq istəyən mətbuat nümayəndələri və ya istənilən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər”.