Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyasına dəstək göstəriləcək
“Gələcəyə Qayğı” regionların sosial-iqtisadi inkişafına dəstək İctimai Birliyinin icra etdiyi “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin ilkin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin dəstəyilə icra olunacaq layihədə Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası məqsədilə onlara müxtəlif peşə təlimlərinin keçirilməsi, eyni zamanda Azərbaycan tarixinin, mədəni irsinin öyrədilməsi və onların iştirakı ilə mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
“Gələcəyə Qayğı” İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Əliyev tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verərək, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərdən söz açıb. Layihənin eksperti, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov DMX tərəfindən əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məqsədilə görülən işlərdən söz açmışdır. Ekspert həmçinin bu layihə nəticəsində benefisiar qrupun bir sıra istiqamətlərdə cəmiyyətə inteqrasiya olunacağını xüsusi qeyd etmişdir.
DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev layihəyə cəlb olunan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin sosial problemlərinin həllində, onların Azərbaycan tarixi, mədəniyyəti ilə yaxından tanış olması istiqamətində layihənin əhəmiyyətini vurğulamış və layihə iştirakçılarına uğurlar arzu etmişdir.