ADRA açıq məkanda yayımlanan reklamların çapı üçün standartlar müəyyən edəcək
Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” öz işinə başlayıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək göstərdiyi sərgidə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.
Aktor.Az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Açılışda çıxış edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev isə son illər ölkə rəhbərliyi tərəfindən aparılan islahatların reklam sahəsinə də böyük töhfələr verdiyini bildirib. O, agentliyin növbəti ildə açıq məkanda yayımlanan reklamların çapı üçün standartlar müəyyən edəcəyini vurğulayıb. Orxan Əliyev təmsil etdiyi qurumun gələcəkdə beynəlxalq forum keçirərək, reklam sahəsinin nailiyyətləri və trendlərini paylaşmaq niyyətində olduğunu bildirib.
Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçirilən sərgi sentyabrın 14-dək davam edəcək