FotoGündəmManşetMediaSiyasətXəbər xətti

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib – FOTOLAR

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edir. Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edirlər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov toplantıda çıxış edib.

Ə.Həsənov Azərbaycan milli mətbuatının müstəqillik dövründə bu günə qədər keçdiyi tarixi yolunu xatırladaraq bildirib: “Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir”.

Prezidentin köməkçisinin sözlərinə görə, sosial şəbəkə istifadəçilərin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir: “Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb:

“Amerikanın müəyyən ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyə qədər quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur”.

Ə.Amaşov bildirib ki, bu gün Azərbaycana 15-dən çox ölkədən qonaqlar gəlib və digər ölkələrdən də qonaqlar gələcək.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır: “Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir”.

Qeyd edək ki, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.

 

Bir cavab yazın