BAXCP sədri Şeyxülislamı təbrik edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib.
Məktubda deyilir:” Hörmətli Şeyx Həzrətləri! Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirəm! Siz 40 ilə yaxındır ki, Qafqaz müsəlmanlarına liderlik edirsiniz. Bu illər ərzində Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının mənəvi dəyərlərinin qorunmasında, İslamın sülh və mərhəmət dini kimi təbliğ olunmasında müstəsna xidmətləriniz olub. Müdrikliyiniz və cəsarətiniz Sizə təkcə Qafqazda deyil, bütün müsəlman aləmində böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, Sovet İttifaqının süqutu ərəfəsində Qarabağı Azərbaycandan qoparmağa və buna hüquqi don geyindirməyə çalışan SSRİ rəhbərliyinə qarşı etirazın ön cərgəsində yer alanlardan biri də Siz idiniz. 20 Yanvar qətliamından sonra Mixail Qorbaçova ünvanladığınız açıq məktub, şəhidlərimizin dəfni zamanı nümayiş etdirdiyiniz yüksək təşkilatçılıq bacarığı və mənəvi keyfiyyətlər, xalqımızın birliyinə və həmrəyliyinə xidmət edən müdrik addımlarınız heç zaman unudulmayacaq. Sizin ali rütbəli din xadimi kimi hər zaman Azərbaycan dövlətinin konstitusion quruluşunun, Azərbaycan xalqının istiqlal ideallarının yanında yer almağınız ,cəhalətə qarşı savaşln önündə olmağınlz,dini maarifçilik istiqamətində gördüyünüz işlər ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Sizinlə xarici səfərlərdə olarkən insanlara münasibətdə müşahidə etdiyim təvazökarlıq ,səmimiyyət və sadəlik,müxtəlif kateqoriyadan olan şəxslərlə danışıqlar zamanı sərgilədiyiniz dərin zəka,hərtərəfli bilik və çeviklik gənc nəsil üçün əsl örnəkdir. Siz ölkəmizdəki müsəlman çoxluğun dini lideri kimi Azərbaycanın dövlət strukturları ilə birlikdə digər dini konfessiyaları himayə edir, müxtəlif dinlərin, dünyagörüşlərin birgəyaşayışının unikal nümunəsini yaradırsınız. Bütün bu fəaliyyətinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətli Şeyx həzrətləri, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram! Dərin hörmətlə, Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili”.