“Gənclərin iqtisadi biliklərinin artırılması” layihəsi həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin iqtisadi biliklərinin artırılması” layihəsinin icrasına start verilib.
Layihənin rəhbəri Sevda Quliyevanın verdiyi məlumata görə, layihənın həyata keçirilməsində məqsəd gənclərinin hazırda dünya iqtisadiyyatında yaşanan proseslər, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və sahibkarlığın inkişafı ilə bağlı görülən tədbirlər, yeni qanunvericilik aktları barədə barədə məlumatlandırılması, maarifləndirilməsi və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir.
Layihə çərçivəsində video-çarx hazırlanacaq, Azərbaycanda iqtisadi sabitlik və dayanıqlığının təmin edilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin icrası,biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı ilə bağlı həyata keçirilən siyasət barədə gənclərin maarifləndirilməsi və iqtisadi biliklərinin artırılmasına xidmət edəcək ictimai müzakirə təşkil ediləcək. Müzakirədə gənclərlə bərabər millət vəkilləri, dövlət orqanlarının nümayəndələri, ekspertlər iştirak edəcək. Layihə Bakı şəhərində həyata keçiriləcək və 3 ay müddətində reallaşacaq.