FotoGündəmİdmanManşetXəbər xətti

Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təqdimat mərasimi keçirilib – FOTOLAR

Avqustun 9-da Gənclər və İdman Nazirliyində Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə İctimai Birlik haqqında videoçarx nümayiş etdirilib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov tədbirdə çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin formalaşdığını və sürətlə inkişaf etdiyini bildirib. O, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə təşviq etdiyini bildirib.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev könüllülük ənənələrinin qədim olduğunu vurğulayaraq müasir dünyada daha geniş yayıldığını bildirib. O, ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında 7 min, IV İslam Həmrəyliyi Oyunlarında 4 min, Avropa Gənclər Olimpiya Festivalında 3 min Azərbaycan könüllüsünün fəaliyyət göstərdiyini vurğulayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Azərbaycan Mədəniyyət kanalının direktoru Ramil Qasımov ölkəmizdə könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib. O qeyd edib ki, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi öz fəaliyyəti ilə dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasına mühüm töhfələr verə bilər.

Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində əldə edilmiş nailiyyətlərin gündən-günə artmasından danışıb. O, könüllülük fəaliyyətinin “Könüllü fəaliyyət haqqında” Qanuna əsasən tənzimlənməsi, təşkili və həyata keçirilməsini təmin edən dövlət orqanları, Azərbaycanda bu fəaliyyətlə məşğul olan təşkilatlar və onların müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə dəstəyi haqqında məlumat verib. M.Seyidzadə 2019-cu ildə təsis edilmiş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin yaradılmasında əsas məqsədin ölkəmizdə idmanın və bədən tərbiyəsinin davamlı inkişafına dəstək vermək olduğunu bildirərək deyib: Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin yaradılmasında əsas məqsəd bundan sonra idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə keçiriləcək idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması, bu sahədə işlərin daha keyfiyyətli və səmərəli təşkili olunmasıdır.

Ölkəmizdə idman sahəsində təşkil edilən respublika və beynəlxalq səviyyəli yarışlarda idman könüllülərinin xidmətlərindən geniş istifadə edilir. Bunlara misal olaraq 2015-ci ildə keçirilən birinci Avropa, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi oyunlarını, 2014-cü ildən başlayaraq hər il təşkil olunan Formula 1 Qran-Prisini, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarını, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasını və bu il təşkil edilən XV Avropa Gənclər Yay Olimpiya Festivalını göstərmək olar. Bu mötəbər yarışların təşkilində və keçirilməsində təşkilat komitələrinin fəaliyyətindən tutmuş, oyunların keçirildiyi məkanlara qədər könüllülər yaxından iştirak ediblər”.
Tədbirdə əminliklə qeyd olunub ki, İctimai Birlik ölkəmizdə idmanın və bədən tərbiyəsinin təbliğində və kütləviliyinin artırılmasında, yeni düşüncə tərzinə malik idmançı nəslinin formalaşdırılmasında özünəməxsus rol oynayacaq.

İdman ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri çıxışlarında təşkilatın yaradılması münasibətilə təbriklərini çatdırıb, İctimai Birliyin fəaliyyətinin Azərbaycan idmanının hərtərəfli inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

 

 

 

 

 

 

 

 

Bir cavab yazın