“ABŞ-da baş verən qətliamlar məni dərindən sarsıtdı”
Qüdrət Həsənquliyev: “Nə üçün bizim hüquq müdafiəçiləri, deputatlar, ombudsman bu hadisə ilə bağlı öz etiraz səsini ucaltmır?”
ABŞ-ın Texas və Ohayo ştatlarında 30 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan qətliamlar məni dərindən sarsıtdı.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Faciə qurbanlarının yaxınlarına başsağlığı verən, yaralılara şəfa diləyən BAXCP sədri qeyd edib ki, baş verənlərin ciddi səbəbləri var:
“Amerika Birləşmiş Ştatlarında insanların mütəmadi olaraq, psixi problemləri olan şəxslər tərəfindən, yaxud nifrət zəminində güllələnmələri adi bir hal alıb. Çox təəssüf ki, bu ölkənin dövlət xadimləri, siyasətçiləri bu problem haqqında mütəmadi olaraq uzun-uzadı danışsalar və mübahisə etsələr də real addımlar atmırlar. Səbəb isə çox sadədir. Amerika Birləşmiş Ştatlarının siyasi sistemi korrupsiyaya uğrayıb. ABŞ-ın Milli Silah Assosiasiyası (bəzən bu təşkilatı Milli Tüfəng Assosiasiyası da adlandırırlar) ABŞ parlamentinin hər iki palatasında təmsil olunan və hər iki partiyadan – demokratlardan və respublikaçılardan olan çoxlu sayda siyasətçiyə maliyyə dəstəyi verir, onların seçkil kampaniyalarına kifayət qədər vəsait ayırır. Doğrudur demokratlarla müqayisədə Milli Silah Assosiasiyasının respublikaçılara ayırdığı vəsaitin məbləği daha böyükdür, amma demokratların arasında da assosiasiyadan böyük maliyyə dəstəyi, hədiyyə və mükafatlar alan şəxslərin sayı yetərincədir. Onla görə də hər dəfə ABŞ-da oxşar hadisələrdən sonra problemlə bağlı müzakirələr aparılsa da, nəticə etibarilə bütün bunlar silahdan istifadənin məhdudlaşdırılması istiqamətində real addımların atılmasına gətirib çıxarmır. Bəhanə olaraq da, konstitusiyada vətəndaşların silah saxlamaq hüququnun olduğu göstərilir. Amma açıq söyləyək ki, bu sadəcə bəhanədir. Çünki istənilən hüquqdan istifadə qaydaları qanunla müəyyən olunmalıdır. Məsələn, tank da silahdır, artilleriya qurğuları, uzaq mənzilli ballistik raketlər də, atom bombası da silahdır. Bu o deməkdir ki, vətəndaşa atom bombası saxlamağa icazə verilməlidir? Yaxud imkan verilməlidir ki, bu və ya digər şəxs ABŞ-ın, yaxud başqa bir dövlətin ərazisinə raket atsın? Sözsüz ki, “silah saxlamaq hüququ” ilə bağlı iddiaların hamısı cəfəngiyyatdır. Təbii ki, əgər istəsələr, avtomotik atəş açan silahları qanunla tam məhdudlaşdıra bilərlər. Silah almasına icazə verilən şəxslərin dairəsi xeyli dərəcədə məhdudlaşdırıla, çox ciddi yoxlamalardan sonra bu və ya digər şəxslərin silah almasına icazə verilə bilər. Silahların saxlanılmasına görə ciddi məsuliyyət nəzərdə tutula bilər ki, bu silahlar uşaq və yeniyetmələrin, psixoloji problemləri olan şəxslərin əlinə keçməsin. Amma biz görürük ki, real həyatda bunların heç biri edilmir. Bunun da bir səbəbi var, o da korrupsiyadır”.
BAXCP sədri heç bir günahı olmayan insanların nifrət zəminində amansızcasına qətlə yetirilməsini ürək ağrısı ilə izlədiyini deyib: “ABŞ irqi və dini ayrı-seçkiliyin aradam qaldırılması istiqamətində ciddi tədbirlər görməlidir. Dünyanın bütün tərəqqipərvər qüvvələri, siyasətçilər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq müdafiəçiləri buna öz etirazlarını bildirməlidirlər. ABŞ-ın korrupsiyaya bulaşmış senator və konqresmenləri görməlidirlər ki, bütün dünya onları lənətləyir.
Bizim ölkəmizdə insan haqları ilə bağlı hər hansı bir problem yarananda, əksər hallarda isə təsdiqini tapmamış məlumatlar əsasında problemin yarandığ barə ehtimal irəli sürüləndə ABŞ-ın hüquq-müdafiə təşkilatları dərhal reaksiya verirlər. Mən Azərbaycandakı hüquq-müdafiə təşkilatlarının bu qətliama, yaxud bu qəbildən olan başqa faciələrə nə üçün reaksiya vermədiklərini başa düşə bilmirəm vu buna təəssüflənirəm. Nə üçün bizim hüquq müdafiəçiləri, deputatlar, ombudsman bu hadisə ilə bağlı öz etiraz səsini ucaltmır? Mən hesab edirəm ki, biz baş verənlərə öz açıq etirazımızı bildirməliyik və ABŞ rəsmiləri də görməlidirlər ki, bütün dünya günahsız insanların nifrət zəminində, irqi və dini motivlərlə qətlə yetirilməsindən narahatdır. Hesab edirəm ki, biz bu kampaniyanı başlatmalıyıq. Birləşmiş Ştatlar da həm silahdan istifadənin məhdudlaşdırılması, həm də irqi, dini ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir”.
Xatırladaq ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 2017-ci ildə bu problemlə bağlı araşdırma aparmış və günahsız insanların qətlə yetirilməsi ilə əlaqədar statistikanı açıqlamışdı.
BAXCP sədrinin araşdırmasında qeyd olunurdu ki, 2017-ci ilin 9 ayı ərzində ABŞ-da 8673 nəfər odlu silahla qətlə yetirilib: “2014-cü ildə bu rəqəm 8124 olub. Yəni hər il bu rəqəm daha da artır. ABŞ mətbuatında bununla bağlı müqayisələrin aparıldığı bir yazıya rast gəldim. Avropada 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı hər milyon nəfərə orta hesabla 1-2 nəfər təşkil edir. Bəzi inkişaf etmiş Qərb ölkələrində, məsələn Kanada, Portuqaliya və Yunanıstanda bu rəqəm maksimum 4-5 nəfərə çatır. Məsələn, götürək elə bizim ölkəmizi. Şübhəsiz ki, biz hələ Avropa ölkələri kimi inkişaf etmiş ölkə deyilik. Əslində Azərbaycanda bu rəqəm artıq da ola bilər. Amma bizim ölkədə 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı orta Avropa göstəricilərindən də aşağıdır. Amma ABŞ-da bu göstərici 1 il ərzində hər milyon nəfərə haradasa 31 nəfər təşkil edir. Təsəvvür edirsiniz bu nə deməkdir? ABŞ-da bu göstərici Avropada və bizim ölkəmizdə olduğundan 16 dəfə yüksəkdir.
ABŞ-da 1871-ci ildə Milli Tüfəng Assosiasiyası (National Rifle Association – NRA) yaradılıb. Hazırda bu Assosiasiyanın 5 milyona yaxın üzvü var.
Dünyada istehsal olunan ikinci elə bir məhsul yoxdur ki, onun satışından 2 min faiz, yəni maya dəyərindən 20 dəfə artıq gəlir götürülsün. Misal üçün deyirəm: 5 dollara başa gələn silah 100 dollara satılır. Bu səbəbdən də dünyada silah satışı ən gəlirli sahə hesab olunur”.
Qeyd edək ki, 1975-ci ildən bu yana silah satışına məhdudiyyət qoyulması ilə bağlı yeni qanunların qəbulu üçün bəlkə də 10 dəfə müxtəlif təşəbbüslər olub, amma hər dəfə bu təşəbbüslərin qarşısını Milli Tüfəng Assosiasiyası və bu assosiasiyaya lobbiçilik edən konqresmenlər alıb.
Assosiasiyanın tərkibində adı hər şeyi ifadə edən “Siyasi Qələbə Fondu” da yaradılıb. Yəni siyasi qələbə qazanmaq üçün fond… Bu fondun vasitəsi və digər yollarla silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanunun qəbul edilməsinin qarşısı alınır.