ƏdəbiyyatFotoManşetXəbər xətti

Tatarıstanın xalq şairinin kitabı Bakıda təqdim olundu – FOTOLAR

İyulun 31-də Azərbaycan Yazıçılar Birliyində Tatarıstandan ölkəmizə qonaq gəlmiş xalq şairi Razil Vəliyevin şeirlərindən ibarət “Payız yağmurları” adlı kitabının təqdimatı olub.Qurumun “Natəvan” klubunda keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, tanınmış yazarlar, ziyalılar iştirak edib. 

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, “Payız yağmurları” xalq şairi Razil Vəliyevin Azərbaycanda işıq üzü görən ilk kitabıdır: “Kitabda şeirlər iki dildə, Azərbaycan və tatar dilində verilib. Şeirlərin tərcüməsi şair-publisist Həyat Şəmiyə məxsusdur. “XAN” nəşriyyatında çapdan çıxan kitabın layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Kitabın məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili Cavanşir Feyziyev və mənə məxsusdur”.

Qənirə Paşayeva qeyd edib ki, Tatarıstanın xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, hər iki ölkədə ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

Xalq şairi Razil Vəliyev tədbirdə çıxış edərək, kitabın Azərbaycanda işıq üzü görməsində zəhməti keçən hər kəsə təşəkkür edib: “Bu kitabım Azərbaycanda ilk tərcümə edilən kitabımdır. Azərbaycana da elə bu səbəbdən gəlmişəm. Çox istərdim ki, hər iki ölkənin çoxsaylı ədəbiyyat nümunələrini bir-birimizin dilinə tərcümə edək. Hər iki ölkədə mədəniyyət gecələrinin keçirilməsi düşünürəm ki, hər iki xalqı bir-birinə daha da yaxın edər. Bizdə diaspor təşkilatları çoxdur, amma etiraf edirəm ki, ən aktiv işləyəni Azərbaycan Diaspor Təşkilatıdır. Tatarıstanda azərbaycanlılar çox fəaldırlar. Onlar başqa millətlərdən fərqi olaraq Tatarıstanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayırlar, dövlət idarəetmə orqanlarında, hüquq-mühafizə sistemində xeyli nüfuzlu azərbaycanlı var”.

Tədbirin sonunda Tatrıstanın xalq şairi, eyni zaman bu ölkənin Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər komitəsinin rəhbəri olan Razil Vəliyev hər iki ölkə atrasında mədəni əlaqələrin genişlənməsində gördüyü işlərə görə millət vəkili Qənirə Paşayevanı, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyevi,  Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalını fəxri fərmanlarla təltif edib./Musavat.com

 

Bir cavab yazın