Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib – FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Xidmət rəisi müraciət edənlərin məmnunluğunun, eləcə də şəffaflığın yüksək səviyyədə təmininin daim diqqət mərkəzində olduğunu və bununla bağlı qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizə gələn əcnəbilər üçün miqrasiya ilə bağlı prosedurların sadələşdirilməsi məqsədilə “Miqrasiya Məcəlləsi”nə və “Dövlət rüsumu haqqında” Qanuna yeni dəyişikliklər edilib.
Vüsal Hüseynov vətəndaş məmnunluğunun reallaşdırılması işinə İctimai Şuranın səmərəli fəaliyyəti ilə bundan sonra da öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Xidmətin fəaliyyətini yüksək dəyərləndirərək, Şuranın gələcək planları barədə məlumat verib. O, Şuranın ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra təkliflər dinlənilib və təşkilati məsələlərə baxılıb.
Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, cari il iyunun 25-də və iyulun 3-də Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın müddətinin qanunvericiliyə uyğun şəkildə başa çatması ilə əlaqədar normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçki keçirilib. İki mərhələdə keçirilən seçki nəticəsində DMX yanında İctimai Şuranın 9 nəfərdən ibarət heyəti müəyyən olunub. Şuranın üzvü, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib.