GündəmManşetMüsahibəSiyasətXəbər xətti

Qüdrət Həsənquliyev:“Azərbaycanı bölmək heç kimə müyəssər olmayacaq” – MÜSAHİBƏ

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Teleqraf”a müsahibəsini oxucularımıza təqdim edirik:

– Qüdrət bəy, son dövrlər bəzi müxalifət fəalları sosial şəbəkələrdə, xüsusilə “yuotube”da ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxsləri absurd şəkildə regionçu, yaxud anti-regionçu kimi təqdim edirlər. Bu yanaşmaya münasibətiniz necədir?
– Həqiqətən absurd yanaşmadır. Bunlar əsası olmayan qeyri-ciddi iddialardır. Bəzən təyinatlar zamanı bir bölgədən, başqa bir halda isə digər bölgələrdən olan insanlar vəzifələrə təyin oluna bilər. Son təyinatlarla Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev isə dövlət təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin edilib. Onların əvəz etdikləri, Naxçıvanda doğulmamış şəxslər isə daha yüksək vəzifələrə təyinat alıblar. Son təyinatlardan sonra regionçuluqla bağlı iftiraları xüsusi qabartmağa başlayıblar.
Ancaq adını çəkdiyim hər iki şəxs uzun illər öz sahələrində çalışan, özlərini peşəkar kimi təsdiq edən kadrlardır. Onların təyinatında hansı bölgədən olmaları deyil, peşəkarlıqları,qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün hər cür fədakarlıqlara hazır olmaları əsas götürülüb. Yeri gəlmişkən qeyd edim ki, prezidentin son sərəncamı ilə ölkədə Kadr Bankının yaradılması məqsədilə “Yüksəliş” adında komissiya yaradıldı. Bu komissiyanın tərkibində bir nəfər də olsun Naxçıvanda doğulan Azərbaycan vətəndaşı yoxdur. Həmin çürük məntiqlə gərək prezidenti anti-regionçuluqda ittiham etsinlər.
Bir daha vurğulayım ki, bu və digər vəzifələrə təyinatla bağlı qərar veriləndə həmin insanların hansı bölgədə doğulması deyil, həmin vəzifəni nə dərəcədə uğurla yerinə yetirəcəyi əsas kimi götürülür. Hesab edirəm ki, regionçuluqla və anti-regionçuluqla bağlı kompaniya məqsədyönlü formada,əyalət və feodal təfəkkürlü qara qüvvələrin senarisi əsasında həyata keçirilir. Bu komandanı bloqerlərə verənlərin və yayanların çirkli niyyətləri var. Yayılan iftiralar təkcə bununla yekunlaşmır. Onlar yüksək vəzifəli şəxsləri gözdən salmaq, onlara olan etimadı sarsıtmaq və xaos yaradıb nəyəsə nail olmaq istəyirlər. Sözsüz ki, ölkə barədə düşünməyən bu gerizəkalılara xaricdən də dəstək verilir. Ancaq unudurlar ki, biz 90-cı illərdə yaşamırıq. 28 ildir ki, müstəqil dövlətik.
Əminəm ki, gec-tez belə insanlar ifşa ediləcək və ifşa olunurlar da. Azərbaycanı öz iyrənc maraqlarına görə rayon-rayon, kənd-kənd bölmək heç kimə müyəssər olmayacaq.
– Bəzi barışmaz müxalifət nümayəndələri öz çıxışlarında elan edirlər ki, Azərbaycanda idarəetmə sahəsində və demokratik azadlıqlarla bağlı ciddi problemlər var. Bu iddialara münasibətiniz necədir?
– Azərbaycanda qeyd etdiyiniz məsələlərə qərb standartları ilə yanaşsaq bu sahədə müəyyən problemlər var. Amma biz Qərbi Avropa ölkəsi deyilik. Söhbət ondan gedir ki, hər bir xalqın sosial inkişaf indeksi, mentaliteti, formalaşmış ənənə və dəyərləri var. Hər bir iqtidarın borcudur ki, ilk növbədə ölkədə real durumu nəzərə alaraq elə siyasət aparsın ki, görülən işlər müsbət nəticə versin.
Nəzərə alın ki, Qorbaçovun başlatdığı “yenidənqurma siyasəti” SSRİ-nin çökməsinə, milli münaqişələrə yol açdı.
Prezident bəyan etmişdi ki, idarəetmə xalqın inkişaf səviyyəsinə uyğun mütəmadi şəkildə təkmilləşdirilməli, kadr islahatları aparılmalıdır. Bəzi kadrlar hansısa mərhələdə çox faydalı olur, amma başqa mərhələdə sanki tükənirlər. Bu halda onlar vəzifələrindən kənarlaşdırılmalı, daha gənc, müasir reallıqları asan qavrayan çevik siyasətçilər həmin vəzifələrə təyin olunmalıdır.
İqtidar tərəfindən bu prosesin nə qədər uğurlu aparılması barədə mübahisə açmaq olar, amma proses gedir. Bunu idarəetmənin çöküşü kimi təqdim etmək isə, sadəcə özünü aldatmaqdır. Reallıq fərqlidir.
İkincisi, Azərbaycanı bəzən demokratik azadlıqların olmadığı Türkmənistanla müqayisə etmək istəyirlər. Sizə deyim ki, həm Azərbaycan Prezidenti, həm də Birinci vitse-prezident Azərbaycandan daha inkişaf etmiş Moskvada ali təhsil alıb, şəxsiyyət kimi formalaşıblar. Güclü liderlik keyfiyyətlərinə və idarəetmə qabiliyyətlərinə malik olduqlarını təsdiq ediblər. Buraxılan imkanlara və səhvlərə rəğmən uzun müddətdir Azərbaycanda idarəetmənin başında dayanırlar, ölkəni böyük sarsıntılardan və təlatümlərdən sığortalaya biliblər.
Sizi əmin edirəm ki, yuxarıda qeyd ediyimiz iftiraları yayan başqa birisi xarici ermənipərəst güclərin dəstəyi ilə Azərbaycanı çox asanlıqla Türkmənistana və ya Şimali Koreyaya çevirə bilərdi.
Əlbəttə, kimsə iddia edə bilər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur. Amma ölkənin milli maraqları naminə məsələyə qlobal yanaşdıqda konstitusiyaya görə iqtidarın borcudur ki, daha üstün hüquqları – vətəndaşların təhlükəsizliyini, sabitliyi və davamlı inkişafı təmin edə bilsin. Yəni iqtidarın borcudur ki, ölkəni xaos və qarşıdurmadan qorusun.
Məsələn, Əli Kərimli yanvarın 19-da keçirilən sonuncu mitinqdə kütləyə müraciət edib deyir, biz bu gün ona görə dövlət və hakimiyyət orqanlarının üzərinə yürüş etmirik ki, sayımız azdır. Yəni bunun izahı o deməkdir ki, sabah meydana indikindən 2 dəfə çox insan yığışsa Prezident Administrasiyasına, Milli Məclisə, dövlət hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bu da istər-istəməz razılaşdırılmayan aksiyaya, kimlərinsə xəsarət almasına, kimlərinsə həbsinə səbəb olacaq. Mümkündür ki, marağı olan hansısa qüvvələrin təxribatçı əməllərinin nəticəsi olaraq insan ölümü də baş versin.
Üstəlik, belə qarşıdurmalardan sonra hüquq pozuntusu törədən şəxslərin cinayət hüquqi təqib edilməsi, onların məhbəsə atılması kimi addımlar da əslində ölkədə demokratik proseslərin inkişafına töhfə verməyəcək, əksinə geri atacaq. Bax, bu kimi təhlükəli amilləri nəzərə alıb, daha böyük təhlükələri önləmək məqsədilə hansısa azadlıqların məhdudlaşdırılması əslində imkan verir ki, tədricən ölkədə daha məsuliyyətli, daha ciddi və daha hazırlıqlı, populizmidən uzaq siyasətçilər nəsli formalaşsın.
1993-cü ildə populist mövqedən çıxış edən siyasətçilərə ictimaiyyətdən gələn dəstəyə də baxın, indiki dəstəyə də. İndi insanlarımız da, siyasətçilər də daha məsuliyyətli olmağa başlayıb. Hətta radikal çıxış edənlərin özləri də fərqindədirlər ki, onlar yeni keyfiyyətlər əxz etməli, rəqabətə davamlı qalmaq üçün üzərlərində işləməli, fərqli düşüncəyə daha dözümlü olmalıdirlar.
İndi yeni siyasətçilər nəsli formalaşır. Bunu ola bilsin ki, çoxları görmür. Siyasi azadlıqların məhdudlaşdırıldığını deyən şəxslər bir azdan görəcəklər ki, nə qədər müasir siyasətçilər yetişıb və onlar dinc yolla ölkəmizi xeyli irəli aparacaqlar.
Hazırda azadlıqlar xalqın inkişaf səviyyəsinə uyğun olmaqla təmin edilib. Görürsünüz ki, ən sərt tənqidləri istənilən vətəndaş geniş ictimaiyyətə çatdıra bilir. Hərənin əlində bir ağıllı telefon var. Asanlıqla sosial şəbəkələrdə, “yuotube”a daxil olmaqla fikirlərini yaya, lazımi informasiyanı ala bilirlər.
Çoxları başa düşmür ki, bu prezidentin iradəsindən qaynaqlanır. İqtidarın daxilində nə qədər şəxs var ki, prezidenti əvəz edib fərqli fikir söyləyənlərin dilini kəsmək istəyir.
Biz proseslərin ləng getməsini tənqid etsək də, əslində müstəqillikdən keçən dövr imkan verdi ki, bəzi siyasətçilər müdrikləşsin və yeni nəsil siyasətçilər formalaşsın.
İndi müxalifət siyasi düşərgəsi iki hissəyə bölünüb. Bir qisim hesab edir ki, müxalifətin işi yalnız hakimiyyəti tənqid etmək olmalıdır. Məncə, bu, kökündən yanlışdır. Müxalifətin işi iqtidarın səhvlərini göstərmək, hətta xarici siyasətlə bağlı milli maraqlar naminə iqtidarın deyə bilmədiklərini demək olmalıdır. Əgər milli mənafeyə uyğun olan uğurlu addım atılıbsa və iqtidar buna görə xarici təzyiqlərlə üzləşirsə müxalifət iqtidara dəstək verməlidir.
Məsələn, Ərdoğanla Kılıçdaroğlunun münasibətlərinin sərtliyinə baxın. Amma Türkiyə Rusiyadan S-400 sistemləri alanda Kılıçdaroğlu Ərdoğanı müdafiə etdi, bildirdi ki, bu, doğru qərardır. Çünki zamanında biz istəsək də ABŞ “Patriot” sistemlərini Türkiyəyə satmadı. Siz görmüsünüz ki, bizim radikal düşərgədə kimsə bu cür davransın?
Radikal düşərgə bunu etməsə də, müxalifətin böyük kəsimi bu gün iqtidarın müsbət addımlarına pozitiv yanaşır. Bu, artıq inkişafdır, proses gedir və əminəm ki, bunun nəticəsi də olacaq. Odur ki, Azərbaycanı Türkmənistanla müqayisə etmək və ya idarəetmənin çökdüyünü iddia etmək yersizdir. Əgər islahatlar hansısa xarici və daxili təhdidlər nəticəsində dayandırılacaqsa, kadr islahatları davam etməyəcəksə, iqtisadiyyat və bank sektoru yalnız neftdən asılı vəziyyətdə qalacaqsa, sözsüz ki, cəmiyyətdə hər zaman narazılıq və gərginliklər üçün təhlükə qalacaq.
Düşünürəm ki, iqtidarlı, müxalifətli Azərbaycan cəmiyyətinin müdrikliyi çatacaq ki, lazımi addımlar ataq, ölkəmiz gələcəkdə belə təhlükələrlə üzləşməsin.
– Siz və bir neçə partiya sədri görüşərək müzakirələr aparmısınız. Son illərə qədər belə bir görüş baş verməmişdi. İndi qəfil görüşə səbəb nə oldu?
– Əslində bu görüş söylədiklərimin davamıdır. Azərbaycanda dünənə qədər bir-birini qəbul etməyən, bir-birinin ünvanına kəskin ittihamlar səsləndirən siyasi partiyaların sədrləri bir araya gəlib ölkənin gələcəyi ilə bağlı birgə söhbət edə bilirsə, bu, dediyim pozitiv nəticədir. Fikrimcə, bunu daha da genişləndirmək lazımdır.
Bizim siyasi inkişafımız arzuladığımız səviyyədə deyil. Bu görüşü təqdir edənlərlə yanaşı süngü ilə qarşılayan, kəskin reaksiya verənlər də var. Düşünürəm ki, zamanla daha çox partiya əməkdaşlığa meylli olacaq. Yeni dünyagörüşlü insanların siyasətə qatılması və ya siyasətdəki insanların zamanın çağırışlarına uyğun olaraq dəyişməsi çox müsbət haldır. Bu da ümid verir ki, ölkəmizin siyasi perspektivləri barədə nikbin olaq.
– Qüdrət bəy, Qarabağ münaqişəsinə dair danışıqlar prosesi sanki xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra növbəti dəfə dalana dirənib. Sizcə, bu istiqamətdə nə baş verir ?
– Biz erməni xalqını döyüşdə məğlub etməsək “Böyük Ermənistan” xəstəliyinə yoluxdurulan bu xalq heç vaxt imkan verməz ki, hansısa hökumət başçısı Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyan sənədə imza atsın. Heç bunu vasitəçilər də istəmir. Ona görə də, biz mütləq hərbi yolla ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı azad etməliyik ki, erməni xalqı reallıqla barışsın və Azərbaycanla sülh sazişi imzalasın.
Qalan hallarda danışıqlar sadəcə problemin həllini zamanın ixtiyarına buraxmaq və daha əlverişli beynəlxalq şərait gözləmək məqsədi daşıyacaq.
Amma mən düşünürəm ki, əlverişli beynəlxalq şəraiti biz özümüz yaratmalıyıq. Biz Qarabağın məskunlaşdırılmasına imkan verməməli, problemin həlli üçün Rusiya ilə hansısa formada anlaşmalıyıq. Rusiyanın Ermənistana dəstəyi olmasa Azərbaycan bu problemi qısa müddətdə həll edə bilər. Bu baxımdan danışıqlardan heç nə gözləməyə dəyməz. Dövlət olaraq müharibə edə bilmiriksə Mübariz İbrahimov kimi qəhrəmanlarımız şəxsi şücaət göstərməli, düşmənə qan uddurmalıdırlar. Belə qəhrəmanlarımız daha yoxdursa onda ah-nalə edib hökuməti, xalqımızı qınamamalı, şəxsi şücaət göstərməyə hazır olan qəhrəmanları yetişdirənə qədər danışıq aparmalıyıq.

Bir cavab yazın