Hərbi təyyarəmiz qəzaya uğradı, Xəzər dənizinə düşdü
Azərbaycanda 24 iyul tarixində saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Aktor.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə nazirliyinin rəsmi saytında bildirilib.
Məlumata əsasən, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb: “Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb”.
Son məlumatlara əsasən, itkin düşən pilot tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.Sabiq müşavir faktı “redaktor.az”a təsdiqləyib.
Q. Hüseynlinin sözlərinə görə, axtarışlar davam etdirilir:
“İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır. Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Axtarışlar davam etdirilir”.