PA rəsmisi Azərbaycan mətbuatının durumundan danışdı
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma ümumi götürdükdə onların sayı azdır.Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xəbər siyasətini qurmaq hər bir media vasitəsinin öz haqqıdır. Eyni zamanda, bu, artıq bir bazardır, orada kommersiya şərtləri, tələb və təklif var: “Bəzən xəbər saytları oxucunun istədiyini verir, bəzən isə oxucu öz istədiyini tələb edir. Bu, dünyanın digər ölkələrində də belədir. Təbii ki, biz də maarifləndirici yükü çox olan informasiyaların sayının çox olmasını arzu edirik”.
B.Həsənov bildirib ki, hazırda Azərbaycan mətbuatı ilə qürur duymağa dəyər: “Adi bir faktı deyim ki, 2016-cı ildə aprel döyüşlərində öz mətbuatımızla qürur duyduq. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Amma eyni zamanda müharibə yalnız səngərdə deyil, informasiya cəbhəsində də mövcuddur. Azərbaycan mətbuatı o informasiya savaşından üzüağ çıxdı”.