GündəmManşetSiyasətXəbər xətti

Şəki regional miqrasiya idarəsində ötən 6 ayın yekunları müzakirə edilib

Dövlət Miqrasiya Xidməti rəisinin I müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin rəhbərliyi ilə keçirilən regional miqrasiya idarələrinin növbəti hesabat tədbiri Şəkidə təşkil olunub.

Qurumdan Aktor.Az-a verilən məlumata görə, müşavirədə 2019-cu ilin 6 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə nəzər salınıb. Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin I müavini miqrasiya sahəsində əldə olunan nailiyyətləri ölkəmizin tərəqqisi baxımından vacib amil kimi qiymətləndirib. Bildirib ki, ötən dövrdə də Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi, humanizm prinsipləri əsasında həyata keçirib. Xidmət rəisi tərəfindən qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib.

Şəki, Gəncə, Yevlax Regional Miqrasiya İdarələrinin (RMİ) rəhbərləri, eləcə də Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin İdarə rəisləri və əməkdaşları məruzə ilə çıxış ediblər. Bildirilib ki, 2019-cu ilin I yarımilində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı adıçəkilən idarələrdə ümumilikdə 36 min 271 müraciət qeydə alınıb.

6 ay ərzində idarələrə (Şəki, Gəncə və Yevlax RMİ) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə 5 min 934 müraciət daxil olub.

I yarımildə ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar idarələr tərəfindən 1232 qərar qəbul edilib. 1188 əcnəbinin ölkədə yaşaması leqallaşdırılıb. Qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 79 əcnəbi aşkar edilərək barələrində inzibati qərar qəbul edilib.

Hesabat dövründə, həmçinin 9 maarifləndirmə tədbiri, 8 səyyar xidmət təşkil edilib. Səyyar xidmətlərdən ümumilikdə 234 nəfər yararlanıb.

Tədbirin sonunda Vəli Nağıyev Regional Miqrasiya İdarələrinin nümayəndələrinə bundan sonra da işlərin ən müasir səviyyədə təşkili üçün tapşırıq və tövsiyələrini verib.

 

 

Bir cavab yazın