GündəmManşetSiyasətXəbər xətti

Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Burjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Elektron hökumətin inkişafı və Rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yaradılıb. O qeyd edib ki, Şuranın tətbiq etdiyi yeni proqramlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.

Natalia Burjali bildirib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir ki Şura ilə səmərəli əməkdaşıq edir. O deyib: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Qeyd etməliyəm ki, QHT Şurası şəffaflıq baxımından nəinki QHT-lərə, həmçinin dövlət orqanlarına da örnəkdir. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir. Onlar həm vaxtlarına, həm də maddi vəsaitlərinə qənaət edəcəklər. Bu yenilik Azərbaycana məxsusdur. Mən Avrasiya regionu üzrə çalışıram və deyə bilərəm ki, bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir. Sizin təcrübənizi müsbət model kimi Avrasiya ölkələrinə də təqdim edəcəyəm”. Xanım Natalia Burjali innovativ ideyalara və QHT-lər üçün yaratdığı imkanlara görə Şura sədri Azay Quliyevə təşəkkürünü bildirib.

Görüşdə iştirak edən Şura üzvü Əliməmməd Nuriyev SƏLİS-ə daxil olan proqramların hazırlanmasında Şura sədrinin və Katibliyin gördüyü işlər barədə danışıb və e-məsləhət proqramının həyata keçirilməsinə göstərdiyi texniki dəstəyə görə Agentliyə təşəkkürünü bildirib.

Sonda e-məsləhət proqramının ilk təqdimatı keçirilib. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə videobağlantı yaradılaraq resurs mərkəzinin kollektivi ilə region QHT-lərinin fəaliyyəti haqda maraqlı müzakirə aparılıb.

Bir cavab yazın