Davamlı inkişaf məqsədləri mövzusunda müzakirə aparılıb – FOTOLAR
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Davamlı İnkişaf Məqsədlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin icrası çərçivəsində Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Davamlı İnkişaf Məqsədlərinin dörd istiqaməti üzrə aparılan müzakirələrdə ictimai birliyin üzvləri, bu sahədə tədqiqat aparan mütəxəsislər, davamlı inkişafi sahəsində ixtisaslaşan gənclər və layinənin könüllüləri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, davamlı inkişaf məqsədlərini əhatə edən müzakirələrin məqsədi təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıyır. Son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bugünkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək. Məhz davamlı inkişaf məqsədlərini ehtiva edən 17 məqsədin gənclərə catdırılması bu çağırışlara və gözləntilərə onları hazırlamaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyini deyən İctimai Birliyinin üzvü Y.Ağayev çıxış edərək qeyd edib ki, ölkəmizdə müəyyən edilən inkişaf strategiyası məhz bu istiqamətdədir. Yəni, bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun, həm də dünya deqradasiyadan qorunsun. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir.
Tədbirdə DİA-nın davamlı inkişafın idarə edilməsi ixtisası üzrə təhsil alan gənclər, layihənin könüllüləri, ekspertlər çıxış edərək cəmiyyət həyatı üçün bu konsepsiyanın əhəmiyyəti və təbliğini təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Sonra suallar cavablandırılıb, iştirakçılara bukletlər təqdim edilib.