GündəmManşetSiyasətXəbər xətti

İctimai şuralar niyə aktiv deyil? – AÇIQLAMA

Son dövrlər ən populyar olan müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları yanında yaradılan İctimai Şuralardır. Bu İctimai şuralara münasibət birmənalı deyil. Onların formalaşması və fəaliyyəti ilə bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları mövcuddur. Bir sözlə İctimai şuraların təşkilində və fəaliyyətində bəzi çatışmazlıqlar var.

Mövzu ilə bağlı Azadinform-a danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, İctimai şuralar seçki vasitəsi ilə formalaşır: “İlk növbədə İctimai Şuranın formalaşması məqsədilə  seçkilərin keçirilməsi ilə bağlı müvafiq qurum tərəfindən informasiyalar çox məhdud dairədə yayılır. Dövlət qurumları bu informasiyaları ancaq öz saytlarında verirlər. Digər mətbuat orqanlarında bu informasiyalar yayılmır. Bəzi qurumlar ümumiyyətlə qanunun tələblərin pozaraq, seçki komissiyalarının tərkibini düzgün formalaşdırmırlar. İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnaməyə görə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla komissiya formalaşmalıdır”.

C.Hüseynzadə bildirib ki, İctimai şuraların fəaliyyətinə nəzər yetirsək vəziyyətin ürəkaçan olmadığını görərik: “Mənim şəxsi müşahidələrimə görə, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti yanında olan İctimai şuralar daha çox fəaldırlar. Ümumi münasibətim isə ondan ibarədir ki, İctimai şuraların  aktiv fəaliyyəti müvafiq icra hakimiyyətinin və yaxud belə dəyək nazirin bu məsələyə, vətəndaş cəmiyyətinə münasibətindən asılıdır. Əks təqdirdə yaxşı nəticələr və təcrübə mövcud deyil”.

C.Hüseynzadə qeyd edib ki, bütün hallarda İctimai şuraların yaradılması  ümumi prosesə təkandır və bundan qaçmaq lazım deyil: “Bu məsələ ilə bağlı başqa bir problem də ondan ibarədir ki, hələ də bəzi nazirliklər və komitələr İctimai şuraları formal olaraq belə yaxına buraxmırlar. Yəni yaradılmasına imkan vermirlər. Başqa bir məsələ isə QHT nümayəndələri tərəfindən mütəmadi səsləndirilən bir fikirdir ki, 1 şəxs bir neçə İctimai Şurada təmsil olunur.  Bu məsələdə qanunda  məhdudiyyət yalnız həmin şəxsin müvafiq sahə ilə bağlı ixtisaslaşması ilə əlaqələndirilə bilər. Digər heç bir məhdudiyyət yoxdur. Artıq təcrübədə də bu məsələ yavaş – yavaş həll olunmaqdadır. Növbəti dəfə İctimai şuraların formalaşmasında bəzi şəxslər iştirak etmir. Çünki bir neçə İctimai Şurada iştiraka vaxt çatdırmırlar”.

QHT sədri bildirir ki, bu məsələdə tənqidi fikir söyləyənlərin bəzi arqumentləri də müəyyən mənada hüquqi baxımdan əsassız olur: “Məsələn, bəzi ali təhsil müəssisələri ictimai nüfuzunu artırmaq və prosesə ictimai nəzarəti cəlb etmək üçün nüfuzlu şəxslərdən belə bir komitələr təşkil edirlər. Qanun bu hüquqi şəxslərin üzərinə belə bir vəzifə qoymayıb. Həmin qurumlar da bu cür  İctimai şuralar yaradarkən nüfuzlu şəxsləri prosesə cəlb etmək istəyirlər və bu da başa düşüləndir. Mənim fikrimcə, əsasən İctimai şuraların təşkilində sahə üzrə ixtisaslaşma əsas məqam olmalıdır. Təəssüf ki, bu məsələdə həm İctimai şuraların formalaşmasında, həm də ümumən QHT-lərin fəaliyyətində  ixtisaslaşma ilə bağlı problemlər mövcuddur”.

Qeyd edək ki, “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanunu vətəndaş  nəzarətinin təmin edilməsi məqsədi ilə irəli sürülən çox gözəl ideyadır. İctimai iştirakçılığın müxtəlif formaları qanunda təsbit olunub. Bu sıraya ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşməni aid etmək olar. 

Bir cavab yazın