AzTU ilə Avropanın 5 universiteti arasında ikili diplom müqaviləsi imzalanacaq
Azərbaycan Texniki Universitetinin (AzTU) regional koordinatoru olduğu Erasmus+ layihəsi çərçivəsində 7-8 dekabr 2017-ci il tarixlərində Parisin CNAM universitetində ikili diplom seminarının keçirilməsi planlaşdırılır. Azərbaycandan olan tərəfdaş universitetlərin: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin rektorları, həmçinin layihənin regional texniki direktoru AzTU-nun professoru Həsən Hüseynov seminarın işində iştirak etmək üçün Parisə dəvət olunublar. Bu barədə Aktor.Az-a universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev məlumat verib.
Seminarda Azərbaycanın(3), Rusiya Federasiyasının(5) və Çinin(2) tərəfdaş universiteti ilə Avropanın aparıcı 5 universiteti arasında “Bərpa olunan enerji mənbələri”, eləcə də “Binaların enerji səmərəliliyi” ixtisasları üzrə ikili diplom müqavilələrinin imzalanması nəzərdə tutulub. İkili diplom müqaviləsinin Fransanın CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leypsik, İtaliyanın Pavia və Turin Universitetləri ilə bağlanması planlaşdırılıb.