GündəmManşetMədəniyyətSiyasətXəbər xətti

Azərbaycan xalqı ümumbəşər mədəniyyətinə daha bir töhfəsini ərmağan etdi – DEPUTAT

Ötən gün Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya Mədəni İrs Siyahısına qəbul edildi. UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasinda qəbul olunmuş bu tarixi qərar xalqımızın böyük sevincinə səbəb oldu. Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfə beynəlxalq miqyasda bir daha etiraf edildi.Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, bu münasibətlə artıq Prezident İlham Əliyev və Azerbaycanın Birinci xanımı Mehriban Əliyeva xalqımızı təbrik edib və sevinclərini bölüşüblər:

“Bu, boyük və irimiqyaslı bir tarixi hadisədir. Əlbəttə, ölkəmizin adına qazanılan bütün uğurlarda Prezident İlham Əliyevin, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əzmkar fəaliyyətini xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun Prezindenti kimi Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin milli-mənəvi dəyərlərinin qorunaraq dünyaya təqdim olunması heç bir müqayisəyə gəlməyən fəaliyyətdir. Mehriban Əliyevanın UNESKO ilə əməkdaşlıq çərçivəsində aktiv fəaliyyəti, müxtəlif ölkələrlə mədəni əlaqələri gücləndirməsi sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Məhz bunun nəticəsidir ki, artıq ölkəmiz sivilizasiyalararası dialoq, multikultural dəyərlər və tolerantlığın mərkəzinə çevrilib, dünya üzrə ən mötəbər beynəlxalq platforma statusunu qazanıb”.

Millət vəkili qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi o deməkdir ki, artıq ölkəmiz dünya irsinin mərkəzinə çevrilib: “Bu sessiya sanki dünya irsinin olimpiadasıdır, burada ayrı-ayrı ölkələr öz maddi və mənəvi sərvətlərini dünyaya təqdim edirlər və bunlardan hansı qəbul olunsa, o ölkə özünü qalib kimi hiss edir. Qalib olan ölkələr tarixə düşür”.

İ.Məmmədov arzu edib ki, tezliklə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız, doğma Qarabağımız azad olunsun, nəticədə Şuşanın Cıdır düzü, İsa bulağı, Xarı bülbülü, Kəlbəcərin İstisuyu, Füzulinin Azıx mağarası, Ağdamın, Laçının, Cəbrayılın, Zəngilanın tarixi keçmişi də dünya mədəni irsinə daxil edilsin.

Bir cavab yazın