Çökən yollar, batan pullar… – Ekspert AAYDA-nı İTTİHAM EDİR
Son üç il ərzində Azərbaycandakı yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib.
Diqqət çəkən ən əsas məqamlardan biri, tikilən və təmir olunan yolların keyfiyyətinin xərclənən vəsaitə uyğun olub-olmamasıdır. Statistik göstəricilərə nəzər salsaq, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda və Nəsimi rayonunda yolun çökməsi müşahidə olunub. Bununla yanaşı, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində yeni istifadəyə verilmiş yolda belə çökmə baş verib. Xətai rayonu Nobel prospektində baş verən çökmə hadisəsinin fəsadları aradan qaldırılandan bir neçə gün sonra isə eyni hal təkrarlandı.
Bu il ərzində Cəlilabad-Yardımlı avtomobil yolunda iri çatlar yaranıb, hətta çökmə baş verib. Dekabrın 14-də istifadəyə verilən Babək prospekti istiqamətində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb. Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində təmiri bir ilə yaxın davam edən yolda aprel ayında yenidən çökmə hadisəsi baş verib.
Görəsən, yol infrastrukturuna cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sadalanan bu faktlarla bağlı nə qədər məsuliyyət daşıyır?
Yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, yol çökmələrinin baş verməsi və ya təmir olunan yollarda yenidən çökmə hallarının yaşanması aidiyyatı qurumun məsuliyyətsizliyindən irəli gəlir:
“Yol-nəqliyyat infrastrukturunun inkişafı qanunla tənzimlənir. Tikinti normaları bu qanunda əks olunur. Lakin bu gün yolların salınması qanun-qaydadan bixəbər olan bəzi şəxslərin əlindədir. Hər yolun öz spesifik xüsusiyyətləri var. Bütün yollara eyni cür yanaşmaq olmaz. Məsələn, Babək prospekti böyük yol şəbəkəsidir. Oradan yüzlərlə kommunikasiya xətləri keçir. Bu prospektdə dəfələrlə çökmə hadisəsi baş verib. Hazırda Babək prospektində 200 metrdən bir dərin çökəklər var. Yolun sağ zolağı ilə gedən sürücü bunu çox yaxşı bilir. Bizim yamaqsız yollarımız yoxdur. Aididyyatı qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hələ də bu vəziyyətlə bağlı bir izahat verməyib. Qurum yolun konstruksiyası tam hazır olmamış istifadəyə verir.
Yol salınanda keyfiyyətsiz materiallardan istifadə olunur
Hazırda yolların salınmasına cavabdeh şəxslər bu işə biznes strukturu kimi yanaşırlar. Yolların tez-tez sıradan çıxması onlara sərf edir. Yəni, daimi işləri olur. Yaranan problemlər məhz sürücülər üçün ciddi problemlər yaradır. Yol təsərrüfatının sürücülərə vurduğu ziyan saysız-hesabsızdır. Həmin sürücülər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayət edərsə, bu agentlik vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışa bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz işinə məsuliyyətsiz yanaşır
Problemlərin kökü agentliyin öz işinə laqeyid yanaşmasıdır. İşi bilməyən bəzi insanlar bu agentlikdə rəhbər kimi fəaliyyət göstərir. Yol qaydalarından anlayışı olmayan insanlara iş tapşırılır. Nəticədə həm yol-hərəkət qaydaları pozulur, həm də sürücülər cərimələnir. Agentlikdə peşəkar insanlar ola bilər, amma işini bilməyənlərin sayı daha çoxdur. Prezident İlham Əliyev yol infrastrukturunun inkişafı ilə bağlı sərəncamlar imzalasa da, aidiyyatı qurum tapşırıqları layiqincə yerinə yetirmir.
Yol salınanda bütün aidiyyatı qurumlar əlaqəli işləməlidir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi digər qurumlarla məsləhətləşmədən iş görür. Müəyyən müddət sonra “Azərsu” yolu qazmağa başlayır ki, kanalizasiya xətti çəkirik. Bu vəziyyəti digər qurumlara da şamil etmək olar. Buna görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol çəkmədən öncə digər qurumlara sorğu göndərməli və onlarla məsləhətləşməlidir.
Hüquq-mühafizə orqanları və Hesablama Palatası yol təsərrüfatına ciddi nəzarət etməlidir
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası məsələyə ciddi yanaşmalıdır. İndiyə kimi bu komissiya hansısa yolun keyfiyyətsizliyi ilə bağlı mətbuata açıqlama verməyib. Komissiya bütün işləri birmənalı qəbul edir. Lakin 5-6 ay sonra yollarda müəyyən problemlər yaşanır. Ona görə də nəzarətin gücləndirilməsinə ehtiyac var”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli vurğulayıb ki, yollarda çökmə hallarının yaşanması kommunikasiya xətlərində yaranan problemlərlə bağlıdır və buna görə agentlik məsuliyyət daşımır:
“Şəhər yollarında kommunikasiya xətləri yolun altından keçir. Bu xətlərdə yaşanan hansısa problem birbaşa yollara təsir edir və müəyyən deformasiya, çökmə hadisələrinin baş verməsinə yol açır. Bu, normal haldır və dünya ölkələrində də baş verir. Bu baxımdan deformasiya və ya çökmə halları yolun və asfalt örtüyünün keyfiyyətsiz olduğunu göstərmir. Yollarda hansısa qəzanın baş verməsi qaçılmazdır. Yeni və ya təmir olunan yollarda yenidən çökmə halının yaşanmasının təmirlə heç bir əlaqəsi yoxdur. Şəhər mühitində yolun köhnə və yeni çəkilməsindən asılı olmayaraq, deformasiya və çökmə hallarının baş verməsi dünya ölkələrinin hər birində yaşanır. Çökmə hadisələrinin şişirdilməsi və yolların keyfiyyətsizliyinin qabardılması məntiqə sığmır. Vətəndaşın yolun keyfiyyətsizliyi ilə bağlı narazılığı varsa, laboratoriyalara baş çəkə bilər. Bu laboratoriyalarda yolun torpaq yatağının sıxlığı, asfaltın keyfiyyəti ilə bağlı məlumatları asan şəkildə əldə edə bilər”.
Qeyd edək ki, 2017-ci ildə Prezident İlham Əliyevin fərmanına əsasən, “Azəravtoyol” ASC-nin adı dəyişdirilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) adlandırılıb. Ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı xərclərini maliyyələşdirən “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun büdcəsi 2017-ci ildə 297 milyon manat, 2018-ci ildə 372 milyon manat olub. Avtomobil Yolları Dövlət Agentliyi 2018-ci ilin dövlət büdcəsinin ən çox vəsait xərcləyən qurum kimi ilk beşlikdə dördüncü yerdə qərarlaşıb. Bu ilin 27 iyun tarixində prezident İlham Əliyevin sərəncamına əsasən, AAYDA-ya 13.5 milyon manat vəsait ayrıldı. Son olaraq isə Biləsuvar rayonunda avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat vəsait ayrıldı.