Çovdarovun məhkəməsi təxirə salındı
Bu gün Ali Məhkəmədə ləğv edilmiş ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Trend-in məlumatına görə, hakim Əziz Seyidovun sədrlik etdiyi iclas qeyri-müəyyən səbəbdən təxirə salınıb.
Qeyd edək ki, ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
A.Əliyev bu ilin may ayında azadlığa buraxılıb.