Azərbaycan-Türkiyə-Gürcüstan formatının perspektivi – DEPUTAT
Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu uzun müddətə hesablanmış siyasi və iqtisadi dividendlər gətirən tarixi əhəmiyyətə malik layihədir. Çoxlarının əfsanə kimi baxdığı bu layihə artıq reallığa çevrilib. Neftdən asılılığı azaltmağı qarşıya məqsəd qoyan ölkəmiz üçün bu layihə qeyri-neft məhsullarının emalı və ixracı imkanlarını daha da artıracaq. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professoru Elman Nəsirovun “Xalq qəzeti”nin əməkdaşı ilə söhbəti də bu barədə olub:
“İndiki çətin və mürəkkəb bir şəraitdə Azərbaycan, Türkiyə və Gürcüstan işbirliyi regionda beynəlxalq aləm üçün qovşağa çevrilməklə yanaşı, bu münasibət həm də xarici qüvvələr qarşısında dostluq və əməkdaşlığın bariz nümunəsidir. Bakı -Tbilisi – Qars dəmir yolu xəttinin reallaşdırılması, bundan öncə, 2006 – cı ildə Bakı -Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, əslində, dünyaya göstərdi ki, Azərbaycan -Türkiyə – Gürcüstan deyilən bir format formalaşıb. Bu üç dövlətin əməkdaşlığı dostluğa, qardaşlığa və müttəfiqlik münasibətlərinə söykənir. Bakı -Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması bu üç ölkənin sıx əməkdaşlığını bütün dünyaya nümayiş etdirdi. Hesab edirəm ki, yeni istifadəyə verilmiş dəmir yolu xətti hər üç ölkə üçün çox əhəmiyyətlidir. Təsəvvür edin ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.