Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib – FOTO
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 25-də Mingəçevir şəhərində “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirib.Aktor.Az xəbər verir ki, “Mingəçevir işıqları” qəzetinin Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: “Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından olan “Şəxsi həyat”ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi “Şəxsi həyatın qorunması”nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının “şəxsi həyat” prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” mövzusuna həsr edilib.
Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, “Şəxsi həyat”ın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr , “Şəxsi həyatın qorunması” və digər bu kimi prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb. “İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?” sualı qlobal səviyyəli müzakirələrin mövzusuna çevrilib. Problemin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar. Keçirdiyimiz seminarlarda iştirakçılara bu problemin aradan qaldırılması yolları barədə məlumat verilir”
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə seminar iştirakçılarını məlumatlandırıb.