BAXCP sədri Azərbaycan Ordusunun əsgər və zabitlərini təbrik edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələrinin 101-ci ildönümü münasibətilə Azərbaycan xalqına, silahlı qüvvələrimizin əsgər və zabitlərinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Əziz həmvətənlər, Silahlı Qüvvələrimizin dəyərli əsgər və zabitləri, Sizi Azərbaycan Silahlı Qüvvələrinin 101-ci ildönümü münasibəti ilə təbrik edirəm! 101 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir müddət sonra yaradılmış Azərbaycan Silahlı Qüvvələri çətin və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymayıb, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi qan yaddaşımıza hopub. Azərbaycan Silahlı Qüvvələri müsəlman şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cünhuriyyəti ilə birgə – səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələri – Azərbaycan dövləti, Azərbaycan dövləti – Azərbaycan Silahlı Qüvvələri deməkdir! Bu gün hər bir vətəndaşımızın və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür. Biz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıyıq. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir. Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və mübarizə əzmi arzulayıram”.