AzTU-da Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub – FOTO
Noyabrın 7-də Azərbaycan Texniki Universitetində 9 noyabr Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib.Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin Aktor.Az –a verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.
Universitetin prorektoru İsa Xəlilov AzTU-nun rəhbərliyi adından hər iki bayram münasibəti ilə tələbələri təbrik edib. İsa Xəlilov üçrəngli bayrağımızın və Azərbaycan Respublikası Konstitusiyasının yaranmasının tarixindən danışaraq qeyd edib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Prorektor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq – indiki Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib və günümüzə gəlib çatana qədər çox keçməkeşli yollar qət edib.
SSRİ dövründə Bayrağımızı paltarının altında gizlədərək Vətənə gətirən Gülmirzə Bağırovun göstərdiyi şücaətə diqqət çəkən prorektor, bu şücaətin bütün təyziqlərə baxmayaraq ulu öndər Heydər Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. O, qeyd edib ki, Ulu Öndərin iradəsi ilə ilk dəfə 19 noyabr 1990-cı ildə Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilir və Dövlət Bayrağı olaraq təqdim olunur.
Daha sonra AzTU-nun professor Qabil Hüseynli hər iki günün yaranmasının siyasi aspektləri haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və demokratik quruluşa təminat verən müddəaları ilə konstitusiyamız Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur.
Digər çıxış edənlər, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əliyeva çıxışlarında gənclərin milli, dövlətçilik ənənələrimizə olan sadiqliyindən, vətənpərvərliyindən danışıblar.
Sonda universitetin “Maşınqayırma” fakültəsinin tələbəsi Ziya Bayramovun Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirini söyləyib.