TəhsilXəbər xətti

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi

Ötən əsrin 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində mürəkkəb ictimai-siyasi şəraitin yarandığı ölkələrdən biri də yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası idi. Dağılma prosesinin qarşısı almaqda aciz olan SSRİ-i rəhbərliyi milli-azadlıq mübarizəsinə qalxmış xalqlara qarşı zor tətbiq etməkdən, dünya birliyinin gözü qarşısında insanların qanını axıtmaqdan belə çəkinmədi. Bu yolla da heç nəyə nail ola bilməyəcəyini anlayan imperiya rəhbərliyi müstəqilliyə qovuşmuş dövlətlərin ərazisində süni münaqişələr yaratmaq, qonşu dövlətləri münaqişəyə cəlb etmək yoluna əl atdı. Bu işdə, əlbəttə ki, onların yerli əlaltılarının da “xüsusi” rolunu danmaq olmaz. 

Bu fikirləri politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının baş müəllimi Miraqil Seyidzadə deyib.

M.Seyidzadə qeyd edib ki, sələfi olan Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülmüş ermənilərin saxta ərazi iddialarının nəticəsi olaraq Dağlıq Qarabağda yeni bir münaqişə ocağı yarandı. Terrora rəsmən dəstək verən Ermənistan Respublikası Azərbaycana qarşı təcavüzkar hərəkətlər törətməkdən qətiyyən çəkinməyərək, nümayişkaranə surətdə 250 mindən artıq həmvətənimizi yaşadıqları tarixi torpaqlardan qaçqın kimi didərgin saldı. Bu siyasət nəticəsində Dağlıq Qarabağın zorla öz ərazisinə birləşdirməyə çalışan mənfur qonşumuz Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başladı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı etnik soyqırımı törətdi. Xocalı soyqırımı Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətinin başlanğıcı oldu. Nəticədə 1 milyondan artıq insan məcburi köçkün vəziyyətinə düşdü, 20 min insan erməni işğalının qurbanına çevrildi, 50 mindən artıq insan əlil oldu. Münaqişə nəticəsində aralarında uşaq, qoca və qadınların olduğu 6 mindən artıq Azərbaycan vətəndaşı itkin düşdü, əsir və girov götürüldü.

Bütün bu hadisələrin baş verməsi ilə eyni vaxtda Azərbaycan hakimiyyəti dərin siyasi böhran vəziyyətində idi. Müstəqillik illərinin ilk aylarında hakimiyyətə gəlmiş səriştəsiz AXC-Müsavat birliyi ölkədə gedən mürəkkəb siyasi proseslərə nəzarəti tamamilə əldən buraxmış, idarəetməni iflic vəziyyətə salmışdı. Ölkə işğal təhlükəsi ilə üz-üzə olsa da, hakimiyyətin milli ordu yaratmaq məqsədi ilə formalaşdırdığı hərbi dəstələr müxtəlif siyasi qüvvələrin əlində oyuncağa çevrilir və Azərbaycan dövlətçiliyinin zəifləməsi işinə “töhfə” verirdi. Ölkədə özbaşınalıq, hərc-mərclik, separatizm meyilləri hökm sürürdü. 1993-cü ilin iyun ayında Gəncə şəhərində Surət Hüseynovun nəzarətində olan belə hərbi dəstələrdən biri qiyam qaldıraraq, Azərbaycan dövlətini işğalçılıq və separatizm nəticəsində parçalanaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu.

Belə bir mürəkkəb siyasi böhran şəraitində xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edilərək Ali Sovetin sədri seçildi. Bu hadisə müasir Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. 15 iyun tarixini Azərbaycan dövlətinin yenidən yaranması günü kimi də qeyd etmək olar. Çünki onun hakimiyyətə qayıtması ilə dövlətin yox olmaq ərəfəsində olan bütün atributları yenidən bərpa olunmağa başladı. Milli ordu yaradıldı, ölkədə hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə baş qaldıran qiyamlar yatırıldı, cəbhədə atəşkəs rejiminə nail olundu, mərkəzi və yerli idarəetmədə yaranmış hərc-mərcliyə son qoyuldu, neft strategiyasının əsası qoyularaq ölkənin ağır iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmağa, Konstitusiyanın qəbul edilməsi ilə demokratik təsisatların yaradılmasına başlandı. Azərbaycan Respublikası dərin siyasi və iqtisadi tənəzzüldən inkişaf və tərəqqiyə doğru yüksəlməyə başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü inkişafı ilə nəticələnən bir sıra beynəlxalq layihələrin təməli atıldı.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ümummilli lider Heydər Əliyev ictimai həyatın bütün sferalarında islahatların aparılmasına nail oldu. 1995-ci ildə Konstitusiya qəbul edildi və Milli Məclisə seçkilər keçirildi. 1998-ci ildə Prezident seçkiləri, 1999-cu ildə isə yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə ilk seçkilər keçirildi. Xalq təsərrüfatının bütün sahələri dirçəlməyə başladı. Ölkədə ölüm hökmünün ləğv edilməsi ilə insan və vətəndaş hüquqlarının qorunması istiqamətinə mühüm addım atıldı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya siyasi arenasında Azərbaycanın nüfuzu möhkəmlənməyə başladı. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi.

Bu gün Azərbaycan Respublikası dünyada özünəməxsus yeri olan siyasi, sosial-iqtisadi, mədəni inkişafa nail olmuş bir dövlətdir. Ölkəmiz davamlı insan inkişafı göstəricilərinə görə yüksək reytinqli ölkələrdən biridir, nəticələrini hər kəsin öz həyatında hiss etdiyi inklüziv inkişaf səviyyəsinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyaraq lider mövqeyinə çıxıb. Aparılan sosial siyasət nəticəsində əhalinin rifah halı gündən-günə yaxşılaşır. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin miras qoyub getdiyi dövlətçilik strategiyasının davam etdirilməsi və idarəetmədə innovativ texnologiyalardan istifadə nəticəsində dövlətimizin qüdrətinin daha da artmasına, beynəlxalq səviyyəli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməyimizə səbəb olub.

Bu gün hər bir Azərbaycan vətəndaşı ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqilliyin qorunub saxlanması istiqamətində öz üzərinə düşən vəzifələri dərk etməli və layiqincə yerinə yetirməlidir.

Bir cavab yazın