GündəmManşetSiyasətTəhsilXəbər xətti

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu öndər Heydər Əliyevi dahi şəxsiyyətlər, dövlət xadimləri arasında çox vaxt ABŞ-ın dövlət idarəçiliyi və dövlət quruculuğunda fərqlənən unudulmaz lideri, dahi dövlət xadimi Avraam Linkoln ilə müqayisə edirlər. Avraam Linkoln ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərliyi ilə fərqlənmişdir. Vətəndaş müharibəsi zamanı ölkədə güclü qarşıdurma olmasına baxmayaraq, dahi liderin möhkəm iradəsi və inanılmaz cəsarəti ilə ABŞ parçalanmaqdan xilas olmuşdur. O, dövləti bütöv şəkildə qoruyub saxlamış və quldarlığın ləğvini təmin etməyi bacarmışdır.

Azərbaycanda oxşar dövr müstəqilliyin ilk illərində, yəni, 1991-1993-cü illərdə baş vermişdir. 1990-cı illərin əvvəlində sosialist cəmiyyətinin siyasi quruluşu dərin tənəzzülə uğradı, Sovetlər İttifaqının çökməsi bütün postsovet ölkələrinə öz təsirini göstərdi, siyasi xaos yarandı, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi Azərbaycanı çıxılmaz vəziyyətə saldı. Vəziyyətin dərinləşməsi Azərbaycana hərbi müdaxilə ilə nəticələndi, ərazisinin 20 faizi işğal edildi, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşdü, erməni millətçi qəsbkarlarının soyqırımı törətməsinin nəticəsi olaraq azərbaycanlılar öz doğma vətənlərində qəddarcasına qətlə yetirildi. Həmin dövr siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyələnirdi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Ölkəmiz bir yandan vətəndaş müharibəsinin eşiyində, hakimiyyət uğrunda gedən mübarizə və səriştəsiz siyasətçilərin şəxsi maraqları naminə çəkişmə meydanına çevrilmiş, digər yandan isə ölkə ərazisi işğal edilməkdə idi. Vətənin bu ağır dövründə Heydər Əliyev yüksək idarəçilik təcrübəsini nümayiş etdirərək ölkəni vətəndaş müharibəsindən, böyük itkilərdən, qardaş qanının axmasından qorudu və ən əsası, Azərbaycan dövlətini və dövlətçiliyini parçalanmaqdan xilas etdi. Heydər Əliyev Azərbaycan dövlətini və dövlətçiliyini bir bütün olaraq saxlamağı bacardı və onun davamlı, dayanıqlı inkişaf strategiyasının təməlini qoydu.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdir əvəzi, dosent, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşan Əhmədov deyib.

Elşan Əhmədov bildirib ki, əslində dövlətin bütünlüyünə və davamlı inkişafına nail olmaq asan olmamışdır. Hələ XX əsrin 70-ci və 80-cı illərinin əvvəlində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə istehsal, elm və kadr potensialı inkişaf etdirildi, respublika və region üçün böyük iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycan əhalisi SSSR əhalisinin 2,5 faizini təşkil etməsinə baxmayaraq, sənaye məhsullarının istehsalında ölkə ilk yerlərdən birini tuturdu. Belə ki, 80-ci illərin əvvəllərində neft avadanlığı istehsalının 70 faizi, dərin özüllü nasosların 100 faizi, elektrik qaynaq aparatlarının 10,5 faizi , kauçuk sodasının 7,8 faizi, şərab və şərab məhsullarının üçdəbir hissəsi, məişət kondisionerlərinin 100 faizi, soyuducuların 5,7 faizi, pambıq ipliklərinin 9,6 faizi, ipək xammalının 11,7 faizi Azərbaycanın payına düşürdü. Bütün bunlar dahi şəxsiyyətin peşəkar idarəçiliyi nəticəsində qısa zamanda Azərbaycanın Sovet Sosialist ölkələri sırasında qabaqcıl sənaye və inkişaf etmiş ölkələr siyahısına daxil olmasını təmin etmişdi. Bütün bunlar bir daha onu göstərir ki, Ümummilli Lider dünya miqyaslı dövlət xadimi idi və o, böyük geosiyasi və geoiqtisadi ərazidə illərcə topladığı idarəetmə təcrübəsini özünə xas olan keyfiyyətlə Vətənin çətin vəziyyətində onun parçalanmaqdan qorunmasına və xilasına həsr etmişdir. Ümummilli Liderin Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərməsi və daha sonra xalqın təkidli tələbləri ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması (Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi) həyatını xalqa həsr etmək qərarının nəticəsi idi. Ümummilli Lider Vətənin ağır və yaralı anında xalqın yanında olmağa, dövlət quruculuğuna yenidən başlamağa, dövlətçilik naminə mübarizə aparmağa üstünlük verdi və Azərbaycanın gələcək müqəddəratını və strategiyasını müəyyən etdi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev Azərbaycan üçün çətin olan həmin dövrdə iqtisadi inkişaf siyasətini müəyyən etdi. Həmin dönəmdə iki variantdan birini seçmək kimi qarşısında məsul vəzifə dururdu: ya 15-20 il ölkənin iqtisadi-maliyyə vəziyyətinin neft emalı üçün münasibliyini gözləmək, ya da bu sahədə səriştəli beynəlxalq neft kompaniyalarının ölkəyə dəvət edilməsini təmin etmək. Azərbaycanın Ümummilli Lideri qısa zamanda yeni neft strategiyasının işlənib hazırlanması və beynəlxalq neft şirkətlərinin respublikaya dəvət edilməsi üçün qərar qəbul etdi. Heydər Əliyev ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. İlk günlərdən Azərbaycan Dövlət Neft Şirkətinin o dövrdə vitse-prezidenti olan cənab İlham Əliyev danışıqlar mərhələsinə cəlb edildi və bu inkişaf mərhələsində fəal iştirak etməklə onun uğurla həyata keçməsində böyük rol oynadı.

Beləliklə, iqtisadi siyasətin mühüm istiqaməti olan yeni neft strategiyasının təməli Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş oldu. Bakının Gülüstan sarayında 1994-cü ildə bağlanan beynəlxalq neft müqaviləsinin mühüm əhəmiyyətə malik olması nəzərə alınaraq, həmin müqavilə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 beynəlxalq şirkət iştirak etmişdir. Bu müqavilənin imzalanması əlavə 19 ölkədən 41 neft şirkəti olmaqla 26 müqavilənin bağlanmasına səbəb olmuşdur. Bağlanmış müqavilənin şərtlərinə əsasən, əvvəlcə neft-qaz sənayesinə 65 milyard ABŞ dolları həcmində investisiyanın qoyulmasına razılıq əldə edilmişdir. Ümumilikdə 1994-2014-cü illər ərzində Azərbaycanın neft sektoruna 100 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bu da neft-kimya sənayesinin inkişafına, Azərbaycan neftinin dünya bazarına müstəqil nəql olunması üçün neft kəmərlərinin çəkilməsinə, neft gəlirlərinin gələcək nəsil üçün toplanmasına və indiki sosial layihələrin həyata keçirilməsinə, yeni texnika və texnologiyaların tətbiqinə və xüsusilə yeni neft yataqlarının kəşf edilməsi, işlənilməsi, qazılmasına yönəldilmişdir. Bu hadisə Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafında strateji xətt olmaqla yanaşı, ölkənin inkişafında mühüm rol oynayır və dünya miqyasında əhəmiyyətli mövqeyini yüksəldir. “Əsrin müqaviləsi” Azərbaycanda sosial siyasətin miqyasının genişlənməsinə səbəb oldu, daxil olan böyük məbləğdə pul vəsaiti Azərbaycanın tənəzzül və xaosdan qurtulmasına imkan verdi.

Heydər Əliyev Azərbaycanın gələcək inkişafı haqqında deyirdi ki, mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir.

Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını qurarkən multikulturalizmin əhəmiyyətini ortaya qoyurdu. Burada ölkənin ümumi mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətinin birliyi kimi götürülür və heç bir mədəniyyət üçün məhdudiyyət sərhədi yoxdur. Bu siyasət Heydər Əliyev siyasətinin davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident qeyd edib ki, multikulturalizm nisbətən yeni məfhum olmasına baxmayaraq, o əsrlərboyu Azərbaycan xalqına xas xüsusiyyət olmuşdur. Müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlərboyu Azərbaycanda bir ailə kimi yaşamışdır. Heydər Əliyev Azərbaycanın inkişafına strateji çərçivədə baxırdı. O, iqtisadi inkişafda dövlət siyasətini müəyyən edərkən strateji yol xətti çəkirdi. İnkişafı təmin etmək üçün, ilk növbədə, hüquqi normativ bazanı formalaşdırırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyev Azərbaycanda demokratik dövlət quruluşunun bərqərar olmasını yeni Konstitusiyanın qəbulu ilə sıx bağlayırdı. Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasında hüquq sistemində köklü islahatlar aparmış və sosial-iqtisadi, ekoloji inkişafın sürətləndirilməsinə nail olmuşdur. Müstəqillikdən bəri Azərbaycanın iqtisadi inkişafı üç əsas mərhələyə ayrıla bilər. Birincisi, 1991-1995-ci illəri əhatə edən xaos və tənəzzül dövrü. İkincisi, 1996-2004-cü illəri əhatə edən makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişaf dövrü. Üçüncüsü, 2005-2017-ci illəri əhatə edən Azərbaycan regionlarının inkişaf dövrü və dördüncü dövr 2018-2030-cu illəri əhatə edən Azərbaycanın davamlı, inklüziv inkişaf dövrü. Görüldüyü kimi, Azərbaycan Respublikası müstəqillik illərində işğala məruz qalmasına baxmayaraq, köklü iqtisadi inkişaf mərhələsini qət etmişdir. Beləliklə, davamlı və inklüziv inkişaf mərhələsinin təməlini ulu öndər Heydər Əliyev öz islahatlar strategiyasında müəyyən etmişdir. Bu gün artıq Azərbaycan Respublikası davamlı, inklüziv və müqavimətli inkişaf mərhələsindədir. Həmin mərhələ Azərbaycan Respublikasının 2018-2030-cu illərdə davamlı, inklüziv və müqavimətli inkişafını nəzərdə tutur. Həmin inkişaf strategiyası Azərbaycanın inkişaf etmiş ölkələr siyahısında qərarlaşmasını nəzərdə tutur. Bu inkişaf mərhələsi sosial-iqtisadi, siyasi, ekoloji və ictimai institutların əlaqəli və çevik idarəetmə uğuruna əsaslanır. Həmin institutların idarəetmə dinamika və dizaynındakı dəyişmə çərçivəsi həm qlobal, həm də daxili çağırışlara cavab verməlidir. Bu tip idarəetmə xüsusən adaptiv və yaxşı idarəetməyə xasdır. Onlar, eyni zamanda, idarəetmənin komplimentar, sinergetik və kompensasion texnologiyalarıdır. Müasir dönəmdə ölkəmiz üçün qarşıda dayanan çağırışlar isə əsasən müharibə və miqrasiya prosesləri, qaçqın və məcburi köçkünlərin geri qayıtması, texnoloji geriləmə və bərabərsizliklə səciyyələnən inkişaf, resursların səmərəli idarə edilməsi, daşqın və digər fəlakət risklərinin idarə edilməsi, su, enerji, kənd təsərrüfatı, turizm sahələrinin əlaqəli inkişaf strategiyalarını əhatə edir. Eyni zamanda, insan inkişafı və insan resurslarının davamlı idarə edilməsi, elmi nailiyyətlər və yeni texnologiyaların ölkə daxilində əldə edilməsi və lisenziyalaşdırılması, onların xaricə ixrac edilməsi və bundan əldə edilən büdcə daxilolmaları, sosial rifah və yüksək gəlir mənbələri dövlət və insan inkişafında çox yüksək nailiyyətlər əldə etmiş ölkələrlə birgə siyahıda olmaq üçün üzərində işlənməli əsas istiqamətləri əhatə etməkdədir.

 

Bir cavab yazın