GündəmManşetSiyasətXəbər xətti

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək, Azərbaycanı inamla irəliyə ­aparırdı. ­Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici ­anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.
                                                                                                                                                      İlham ƏLİYEV
                                                                                                         Azərbaycan Respublikasının Prezidenti

 

Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət isə ondan ibarətdir ki, şəxsiyyətlər də öz növbəsində tarix yaradırlar. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən, ürək ağrısı ilə bu sözləri söyləmişdi: “Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur”. O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, “asayişə – hə, xaosa – yox!” – dedi. Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar.

Ümummilli lider Heydər Əliyev də 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən , Azərbaycanda da dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi. Heydər Əliyev, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.

Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımları, Qanlı 20 Yanvar faciəsini pisləməsi, Kommunist Partiyası sıralarını tərk etməsi, onun rəhbərliyi ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi — bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə – on qat artırırdı.

Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş illərini görkəmli filosof, akademik Ramiz Mehdiyev “Milli intibah dövrü” kimi xarakterizə etmişdir. Bu dövrün hər iki mərhələsi (1969-1982-ci və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, ümummilli liderin xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.

 

 

Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan AXC — Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində, antimilli mahiyyət kəsb edən daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.
Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində həmin dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.

Akademik Ramiz Mehdiyev Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi”.

Bundan savayı, AXC – Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. “Demokratiya aşiqləri”nin bu yarıtmaz siyasəti nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda qondarma “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin dövlətə itaətsizlik etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyirdi. Əslində, respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə, ölkə miqyasında 600 mindən artıq itkinin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Fikrimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarıdır.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli — Azərbaycan modeli yaradıldı.
Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi təşkil etmişdir. Bu məqsədlə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi.

Həmin dövrdə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi. Aqressiv siyasətinə münasibətdə cəzasızlıq mühitindən şirniklənən və beynəlxalq ictimaiyyətin seyrçi mövqeyindən ruhlanan erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 613 nəfərin qətli ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının işğalı ilə nəticələndi. Nəticə etibarilə erməni silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, ətrafındakı rayonları da işğal etməyə başladı.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarının işğalını davam etdirdi. 1993-cü ilin aprelindən başlayaraq, bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu.

Onu da qeyd edək ki, işğal prosesi dövründə Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi. O zamankı Azərbaycan rəhbərliyinin antimilli siyasətindən, ölkədə baş verən hərc-mərclik və xaosdan istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-qanuni hakimiyyət strukturlarını yaratmağa başladı. Nəticədə, Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü.

Bu acı reallıqlar fonunda, yuxarıda qeyd etdiyimiz kimi, siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Nizami ordu quruculuğu prosesi dönməz xarakter aldı. Nəticələr özünü çox da gözlətmədi. Nizami Azərbaycan Ordusunun cəbhə boyu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu ənənəvi güzəştsiz mövqeni sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu. Nəticədə, 1992-ci ilin mart ayında 11 dövlətin iştirakı ilə yaradılmış və missiyası Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları intensiv xarakter aldı. Konkret qərarlar qəbul edildi.

Obyektivlik naminə onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu uğurlu “neft diplomatiyası” təkcə mühüm iqtisadi məzmun kəsb etmirdi, eyni zamanda, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün münbit şəraitin təmin edilməsi məqsədini də özündə ehtiva edirdi. Azərbaycanın yeni enerji strategiyasının memarı ulu öndər Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. Artıq Azərbaycan neftinin istismarı ilə bağlı imzalanan müqavilələrin sayı 35-ə çatmışdır.

1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5–2 milyard tondan artıq neft və 2,6 trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Azərbaycan qısa zaman kəsiyində demokratik inkişaf yolunda da ciddi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Məhz bu möhkəm təməl əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşdırılması təmin edilmiş, on minlərlə insan haqqında amnistiya verilmiş və böyük sayda məhkum bağışlanmış, senzura ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edilmişdir.

Bu prosesdə — demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

Hörmətli Mehriban xanıma ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2018-ci ilin 28 fevral tarixində Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayıb ki, “üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə gəlməsinin və bununla da dövlətçiliyimizin xilasının 26-cı ildönümünü – Milli Qurtuluş Gününü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir, ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir.
Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni ­missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Elman NƏSİROV,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Bir cavab yazın