Qüdrət Həsənquliyev qanuna edilən dəyişikliklərə etiraz etdi
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklər Azərbaycan prezidentinin fərmanında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədardır. Həmin fərmanın 3.1-ci maddəsində qeyd olunur ki, sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və bacarığı olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması. Yeri gəlmişkən, artıq cəmiyyətə də məlumat verilib ki, yeni kommersiya məhkəməsi yaradılıb. Yeni kommersiya məhkəməsi isə prezidentin məlum fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll etmir. Yəni faktiki sürətdə bu prezidentin fərmanının icrası deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin fövqəladə toplantısı zamanı “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zamanı deyib.
Deputat əlavə edib ki, əslində baş verənlər budur: “Azərbaycan prezidentinin 17 iyun 1999-cu ildə yerli iqtisad məhkəmələrinin yaradılması haqda fərmanı olub. 17 iyun 2000-ci ildə isə iqtisad məhkəmələri inzibati iqtisadi məhkəmələrinə çevrilib. Yəni iqtisad və inzibati məhkəmələr birləşdirildi. İndi faktiki sürətdə biz bunları ayırırıq. Baş verənlər əslində budur. Və iqtisad məhkəməsinin adını dəyişib kommersiya məhkəməsi qoyuruq. Amma mahiyyət etibarı ilə ciddi dəyişiklik baş vermir. Əslində prezident fərmanı ona görə imzalanıb ki, yeni yaradılacaq ixtisaslaşmış məhkəmə gömrük, vergi və məcburi dövlət sığortası ilə bağlı mübahisələri həll etsin. Diqqət yetirsək Azərbaycan İnzibati Prosessual Məcəllənin inzibati mübahisələrin məhkəmə aidiyyəti adlandırılan 2-ci maddəsinin 2.1-ci maddəsində qeyd edilir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən inzibati aktın mübahisələndirilməsinə dair iddialara baxır. Yəni onsuz da inzibati məhkəmələr var idi və yenə də gömrük, vergi mübahisələrinə bu məhkəmə baxacaq. Daha bu mübahisələrə yeni yaradılacaq məhkəmələr baxmır ki”.
Q. Həsənquliyev xatırladıb ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, yeni yaradılacaq kommersiya məhkəməsi məcəllənin 4/2 fəslində ölkədən çıxışla bağlı müvafiq dövlət orqanının qəbul etdiyi məhdudlaşdırıcı qərarlara baxır: “Yəni o da hansısa bir orqanın inzibati aktıdır. Əgər hansısa dövlət orqanının inzibati aktından verilmiş şikayətə kommersiya məhkəməsi baxa bilərsə, onda prezidentin fərmanına əməl edərək vergi və gömrük, məcburi dövlət sığortası ilə bağlı mübahisələrə də bu məhkəmə baxsın. Bundan başqa, qanunun 46.1-ci maddəsinə dəyişiklik edirik. Dəyişiklikdə qeyd olunur ki, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilən kommersiya mübahisələrinə dair işlərə baxmalıdır. Ancaq kommersiya mübahisələrinin dairəsi müəyyənləşmir. Biz bunu müəyyən etməliyik və bilinməlidir ki, kommersiya mübahisələri deyəndə konkret nələr nəzərdə tutulur. Amma Mülki Prosessual Məcəllədə qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə və mötərzədə yazılır ki, və kommersiya mübahisələrinə dair işlərə baxır. Başa düşülmür ki, sahibkarlıq fəaliyyəti nədir, hansı mübahisələrdən söhbət gedir. Yaxud 46.1-ci maddənin ikinci hissəsində qeyd edilir ki, kommersiya məhkəmələri məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətin məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir.
Bilirsinizmi, cənab prezidentinin fərmanında nəzərdə tutulub ki, bu birbaşa Ali Məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Üstəlik Konstitusiyada yazılıb ki, məhkəmə təcrübəsini Ali Məhkəməsi ümumiləşdirir. Bu baxımdan kommersiya məhkəmələrinin belə səlahiyyəti aid etmək yolverilməzdir”.
Qüdrət Həsənquliyev deyib ki, birbaşa cənab prezidentin fərmanında qarşıya qoyulan vəzifələrin yerinə yetirmək üçün fərmanda göstərilən kimi yeni yaradılacaq kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə baxmalıdır: “Fərmanda həm də sahibkarların müraciətin asanlaşdırılması qeyd edilir. Bu o deməkdir ki, sahibkar bir ünvan tanımalıdır. İndi nə baş verir? Əvvəllər sahibkarlar ümumi məhkəmələrə və inzibati-iqtisad məhkəmələrinə müraciət edirdilər. İndi isə bu məhkəmələrin sayı üç olacaq. Daha burada asanlaşdırmadan söhbət getmədi ki. Biz əslində sahibkarların üz tatacağı ünvanların sayını ikidən üçə qaldırdıq. Odur ki, mən düşünürəm ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə yeni yaradılan kommersiya məhkəmələrində baxılmalıdır. Onun əvvəlki adı saxlanıla da, kommersiya məhkəməsi adlandırıla da bilər. Ad o qədər də əhəmiyyətli deyil. Bir daha vurğulayıram ki, prezidentin birbaşa göstərişi olduğu halda yeni yaradılan məhkəməyə gömrük, vergi və məcburi dövlət sosial sığorta ilə bağlı yaranan mübahisələrin həlli səlahiyyətinin verilməməsini mən doğru saymıram. Xahiş edirəm ki, ikinci oxunuşa qədər bu məsələlər nəzərə alınsın”.