Deputat Saatlıda seçicilərlə görüşüb – FOTOLAR
İyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib.
Mətbuat Şurasından Aktor.Az-a verilən məlumata görə, qəbulda rayon sakinləri əsasən sosial, səhiyyə məsələləri ilə bağlı üzləşdikləri vəziyyətə dair deputata məlumat veriblər. Qaldırılan problemlər içərisində müxtəlif şəxslərə məxsus pay torpaqlarını əkib-becərən şəxslərin dövlət dəstəyi ala bilmək üçün qarşılaqdıqları maneələr də diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq müvafiq hüquqi prosedurların yerinə yetirilməsinin vacibliyi vurğulanıb, mövcud istiqamətdə tövsiyələr verilib.
Qəbulda, həmçinin vətəndaşların əfv məsələləri, torpaq mübahisələri ilə bağlı üzləşdikləri durumlar nəzərdən keçirilib. Onlardan ərizələr alınıb, habelə həlli yerindəcə mümkün olan məsələlərlə əlaqədar tapşırıqlar verilib, bir sıra problemləri aradan qaldırılması isə nəzarətə götürülüb.
Ə.Amaşov, eyni zamanda deputatı seçildiyi 62 saylı Saatlı seçki dairəsinə daxil olan bir sıra kəndlərdə də olub, kənd sakinləri ilə görüş keçirib. Deputat Əbilkənd kəndində yenicə istifadəyə verilmiş və müasir standartlara cavab verən uşaq bağçası ilə tanış olub.
Uşaq bağçasının təkcə bu kəndə deyil, eyni zamanda ətraf kəndlərə də xidmət etmək potensialının olduğu önə çəkilib. Həm Əbilkənd kəndində, həm də Sarıcalar və Cəfərxan kəndlərindəki görüşlərdə kənd təsərrüfatı məsələləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ümumən Saatlı rayonunu su azlığından əziyyət çəkir, əkin sahələri lazımi qaydada su ilə təmin olunsa, məhsuldarlıq daha da artar.
Deputat məlumat verib ki, hazırda Kür çayından uzunluğu 17 kilometr olacaq kanalın çəkilməsi prioritet əhəmiyyət daşımaqdadır. Bununla əlaqədar ölkə rəhbərliyinə müraciət ünvanladığını diqqətə çatdıran Ə.Amaşov məsələnin tezliklə həllini tapacağına əminliyini vurğulayıb.
Görüşlərdə bələdiyyələrin işinin effektivliyinin artırılmasına da toxunulub. Mövcud istiqamətdə kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparılıb.