Ermənilər Türkiyədə at oynadır – Oğan
Aktor.Az türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğanın Qars bələdiyyəsində ermənilərə göstərilən qonaqpərvərliklə bağlı Kanaktürk.az-a müsahibəsini təqdim edir:
– Türkiyənin Qars şəhərinin bələdiyyə başqanı seçilən HDP-çi, kürd əsilli bələdiyyə başqanı Ayxan Bilgənin Türkiyəyə qarşı saxta soyqırım ittihamı ilə çıxış edən Ermənistana xoş münasibəti etirazla qarşılanmaqdadır. Sosial mediadan izlədiyimiz qədər bu məsələyə ilk etirazi siz bildirmişiniz. Sizcə, nə baş verir, Sinan bəy?
– Qars bələdiyyəsi rəhbərliyinin Milliyətçi Hərəkat Partiyasından HDP-yə keçməsindən sonra Qars bələdiyyə başqanı Ayxan Bilgənin ilk müsafirlərinin məhz Ermənistandan gəlməsi təsadüfi deyildir. Mənim etirazımdan sonra bu mövzuda Türkiyə mətbuatında xəbərlərin yayılması və etiraz səslərinin yüksəlməsinin ardınca Ayxan Bilgən mənə cavab vermək məcburiyyətində qaldı və Qarsa başqa ölkələrdən də insanların gəldiyini söylədi. Ancaq bu yalandı. Ankaradakı bəzi böyükelçilərin Qars ziyarətlərini “xaricdən gələn heyətlər” kimi göstərməyə cəhd etdilər. Ayxan Bilgəni sadəcə erməni heyət ziyarət etmişdir. Ermənilərin HDP-nin Qars bələdiyyəsini almasından son dərəcə xoşbəxt olduqları anlaşılmaqdadır. HDP Ermənistan ilə həmrəylik göstərən bir partiyadır. HDP Ermənistan ilə sərhədlərin açılmasından yana olan bir partiyadır. İndi də ilk dəfə Qars bələdiyyəsi rəhbərliyinə gələr-gəlməz Ermənistan ilə münasibət, yaxınlıq qurma yoluna getmişlər.
– Bu, Türkiyə dövlətinin xarici siyasətinə zidd addımdır. Sizcə, Türkiyə dövləti niyə bu səfərlərin qarşısını almır?
– Türkiyənin Ermənistan ilə diplomatik əlaqələri yoxkən Qars bələdiyyəsinin bu əlaqəni qurması düzgün deyil. Bu, Türkiyənin xarici siyasət anlayışına da, mənfəətlərinə də zidd bir addımdır. 23 iyunda İstanbulda bələdiyyə seçkilərinin yenilənməsi səbəbi ilə hökumət heç bir addım atmır, təəssüf ki!
– Ola bilərmi ki, bu səfərlər Türkiyə hakimiyyətinin razılığı ilə baş versin?
– Zənn etmirəm ki, hökumətin razılığı olsun. Bu, hökumətin razılığı ilə yox, bələdiyyənin təşəbbüsü ilə görülən bir işdir. Amma bununla bərabər, son günlərdə İrəvan ilə Van arasında birbaşa hava yolu səfərlərinin başlaması və hava yoluyla ilk erməni turistlərin Van şəhərinə gəlməsinin eyni zamana təsadüf etməsi də təəccüblüdür. Bu barədə də sosial şəbəkələrdən öz etirazımı bildirmişəm.
–Türkiyənin millətçi kəsiminin və Azərbaycana bağlı təşkilatların bu məsələdə etirazları güclü hiss olunmur. Sizcə, yetərincə etirazlar varmı?
– Təəssüf ki, nə millətçi kəsimlərin, nə də təşkilatların bu barədə güclü bir etirazı olub. Bu barədə hər kəsin və hər kəsimin oturub fikirləşməsi lazımdır. Burada həm Türkiyədəki millətçi kəsimlərin, təşkilatların, həm də Azərbaycanın oturub fikirləşməyi lazımdır.
– Sizə qarşı Türkiyədə başlanan qarayaxma kampaniyası bir neçə gün öncə Rusiyada Fuad Abbasova qarşı da edilmişdi. Sizcə, bunlar bir nöqtədən təşkil oluna bilərmi?
– Bizə qarşı son dönəmlərdə artan hücumlar da sırf bu səbəbdəndir. Biz etiraz edirik. Qars bələdiyyəsinin Ermənistanla əlaqələr qurması və qonaq qəbul etməsinə də, İrəvan-Van hava yolu səfərlərinin başlamasına da ilk etiraz edən adam olduğum üçün ermənipərəst qüvvələr tərəfindən hücuma məruz qalıram. Amma təkbaşıma da qalsam, bütün bu ermənipərəst qüvvələrlə mübarizə aparacağam.